Əfqan Həmzəyev: "Xeyri olmadı ki, olmadı" MÜSAHİBƏ

Əfqan Həmzəyev: "Xeyri olmadı ki, olmadı" MÜSAHİBƏ

Siasport.az saytı Azərbaycan Tələbə Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyevin müsahibəsini təqdim edir.

- Əfqan müəllim, ilk olaraq Türkiyənin "Beşiktaş" klubundan sizə gələn təklif haqda danışardıq. Necə oldu bu klubla müqavilə bağladız?

- İlk öncə onu qeyd edim ki, Azərbaycanda son 5 il ərzində çimərlik futbolu üzrə nə qədər turnir olubsa, hamsını mən keçirtmişəm. Hətta keçən il Superliqaya sponsor tapıb çempionatı keçirtdik. Bundan əlavə, Gürcüstan ilə də sıx əlaqələrim var. Burada da işləyirəm. Bu ölkədə də çimərlik futbolunun inkişafında öz rolum var. Onlara da bu istiqamətdə böyük köməyim dəyib. Türkiyə ilə sıx əlaqələrim var. Keçən il İzmirin "Səfərisak" komandasının meneceri idim və bizim komanda Türkiyə çempionatının qalibi oldu. Bundan sonra İzmir klubundakı işimi görən "Beşiktaş" tərəfi mənimlə danışıqlara başladı. Çox keçmədi ki, mənə rəsmi təklif göndərdilər. Mən də danışıqlar aparmaq üçün Türkiyəyə yollandım və şərtlər məni qane etdiyindən 2 illik anlaşma imzaladıq. Bu iki ildə "Beşiktaş"ın meneceri olacam. Bu, Azərbaycanda bir ilkdir.

- Müqavilədə nə kimi şərtlər yer almışdı?

- İndi mən detalları açıqlamaq istəmirəm. Ancaq deyim ki, "Beşiktaş"ın çempionatda və xarici ölkələrdə keçiriləcək turnirlərdə iştirakını təmin etmək, komandaya legionerlərin gətirilməsi, burada çimərlik futboluna öz işimlə töfhə vermək kimi öhdəlikləri üzərimə götürdüm. Artıq bir neçə turnirlərdə komandamız iştirak edəcək. Türkiyədə iyunun 11-16-da "İstanbul Cup" turniri olacaq. Bu turnirdə "Beşiktaş" da iştirak edəcək. Turnirə dünyanın ən məşhur çimərlik futbol klubları dəvət olunacaq. Almaniyanın "Şalke" klubu bu turnirdə iştirak edəcək. "Roma", "Latsio", "Milan" kimi klublarla danışıqlar aparılır. Biz istəyirik ki, bu klublardan biri bu turnirdə iştirak etsin. Türkiyədə çimərlik futboluna maraq var. Təsəvvür edin, orada çempionat 22 turdan ibarətdir.

- Siz "Beşiktaş"a getməklə daha bir təcrübə, yenilik, əlavə qazanc əldə edəcəksiz. Bəz Azərbaycan çimərlik futbolu nə qazanacaq?

- Heç nə... Çünki Əfqan Həmzəyevə Gürcütsan, Türkiyə, Moldova kimi ölkələrdən təklif gəlir. Ancaq Azərbaycanda mənim xidmətimdə heç kim maraqlı deyil.

- Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov güvənərək gənc hakimləri yetişdirmək yönündə sizə tapşırıq verib. Bu haqda nə deyərdiz?

- Bəli, 25 gənc hakimə dərs deyirəm. Artıq bir dərs günü bitib. Heç bir təmanna olmadan Azərbaycan hakimliyi üçün əlimdən gələni edirəm. Aralarında yaxşı, perespektivli uşaqlar da var. Mən çalışacağam ki, bütün bilik və bacarığımdan istifadə edib bu gənc hakimlərə bildiyim hər şeyi öyrədim.

- Hazırda Tələbə Futbol Federasiyasının baş katibi, "Beşiktaş"ın menecerisiniz. Eləcə də gənc hakimlərə dərs deyirsiz. Bu qədər işi bir arada görmək problem yaratmır ki?

- Düzü, İstanbula "Beşiktaş"la danışıqlara məhz buna görə getmişdim. Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev mənə etimad göstərib. Buradan ona təşəkkürümü bildirirəm. Belə etimadın qarşısında başqa işə getmək düz olmazdı. Məhz bu səbəbdən "Beşiktaş" rəhbərliyinə oturaq işim olduğunu bildirdim. Lakin onlar mənə menecer işini təklif etdilər. Mən onların beynəlxalq əlaqələrini quracam. Öz otağımda otura-otura da internet vasitəsi ilə əlaqələr qura bilərəm. Turnirlər üçün klublarla danışıq aparıram. Bəzi səfərlər olacaq, bu da 1-2 günlük.

- Gördüyümüz qədər siz Azərbaycan futbol ictimaiyyətindən incimisiz...

- AFFA-nın baş katibi Elxan Məmmədova xüsusi təşəkkürümü bildirirəm ki, milli üçün hər cür şərait yaradır. Ancaq Azərbaycan Çimərlik Futbol Federeasiyası heç bir iş görmür. Mən FİFA referisi olaraq əlimdən gələn hər şeyi etdim, ancaq xeyri olmadı. Turnirlər keçirtdim, püşkatmaları belə özüm təşkil etdim. Ancaq xeyri olmadı ki, olmadı.

- Sonda Azərbaycan futbol hakimliyi ilə bağlı sizə sual verim. Premyer Liqada hakim idarəçiliyi ilə bağlı klublarımız tez-tez şikayət edirlər. Siz nə düşünürsüz?

- Xəqani Məmmədov gənc hakimlərlə işləməyi qarşısına məqsəd qoydu, onlara inandı, güvəndi və heç zaman tək buraxmadı. Düzdür, onlar səhv də edə bilərlər. Bütün dünyada hakimlər səhv edir. Ancaq qərəz ola bilməz.

Mənbə: İdmanxeber.com

Bütün xəbərlər Facebook səhifəmizdə