5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Absheron Marriot Baku" mehmanxanasında 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Siasport.az saytının məlumatına görə, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrini təbrik edib.
Bu günün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirən nazir müstəqil ölkəmizdə uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda bu strategiya dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2015-ci ildə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına toxunan A.Rəhimov, yarışın yüksək səviyyədə keçirilməsi üçün respublikamızın böyük potensiala malik olduğunu qeyd edib.
Sonra A.Rəhimov məşqçi və mütəxəssislərin bir qrupuna "Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının vəsiqələrini təqdim edib.
Ölkəmizin idman uğurlarından bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, cüdo üzrə milli komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov əldə olunmuş nailiyyətlərdən danışıblar. Vurğulanıb ki, bütün bunlar arxayınlaşmaq üçün əsas vermir. Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaradır.
Tədbirdə, həmçinin boks üzrə dünya çempionu Cavid Çələbiyev və taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Təvəkkül Bayramova "Əməkdar İdman Ustası" adının vəsiqəsi verilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB