28 nömrəlinin 28-ci qolu

Məlum olduğu kimi, Premyer Liqanın 24-cü turunda keçirilən "Xəzər-Lənkəran" - "İnter" matçında qonaqların heyətində Baçana Tsxadadze fərqləndi. Siasport.az saytının məlumatına görə, bu qol 28 nömrə altında oynayan futbolçunun "İnter"in heyətində vurduğu sayca 28-ci qolu oldu.

Xatırladaq ki, B.Tsxadadze "İnter"in heyətində 19 fevral 2011-ci ildə MOİK-lə keçirilən oyunda debüt etmişdi. Bu oyun həmin mövsümdə onun "İnter"in heyətində keçirdiyi yeganə qarşılaşma olmuşdu. Ancaq növbəti çempionatda o, 29 oyunda meydançaya çıxmış və 7 qol vurmuşdu. 2012-2013-cü il mövsümündə B.Tsxadadze 29 oyun keçirmiş və 8 qolla fərqlənmişdi. Cari mövsümdə isə forvard 6 dəfə fərqlənib. O, daha 4 qolu Avropa Liqasında vurub və Azərbaycan Kuboku turnirində aktivinə 3 qol yazıb. Bu göstərici ilə forvard hazırda klubun heyətində çıxış edən ən yaxşı bombardirdir.

Əlavə edək ki, Baçana Tsxadadzenin "Xəzər-Lənkəran"ın qapısından keçirdiyi bu qol cənub təmsilçisinin qapısına vurduğu sayca 4-cü qol oldu. Hücumçu bunadək "ağ-yaşılların" qapısını 3 dəfə dəqiq nişan almışdı.

Gürcüstanlı hücumçunun daha çox "Rəvan"ın (6 qol) və "Bakı"nın (5) qapısından qol keçirdiyini də qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə