Bakı ikinci dəfə ÇL-in “Dördlər finalı”na ev sahibliyi edəcək

Bakı ikinci dəfə ÇL-in “Dördlər finalı”na ev sahibliyi edəcək

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı" "Baku Cristal Hall"da keçiriləcək. Siasport.az saytının məlumatına görə, bu barədə "Cristal Hall"da keçirilən mətbuat konfransında Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və qurumun vitse-prezidenti Yan Xronek bildiriblər.

Məlumat verilib ki, artıq konfederasiyanın üzvləri zala baxış keçiriblər. Burada yarışa aparılan hazırlıqlar son mərhələdədir. Andre Meyer bildirib ki, Çempionlar Liqasının final mərhələsinin "Baku Cristal Hall" kimi möhtəşəm binada keçirilməsi əlamətdar hadisədir.
Qeyd edilib ki, "Dördlər finalı"nın yarımfinal oyunları martın 15-də qadın voleybolçulardan ibarət "Vakıfbank" (Türkiyə) və "Eczacıbaşı Vitra" (Türkiyə), "Dinamo" (Kazan) və "Rabitə" (Bakı) komandaları arasında keçiriləcək. Martın 16-da baş tutacaq final oyununu isə "Cristal Hall"ın tribunalarından 7 minə yaxın tamaşaçı izləyəcək.
Bununla da Bakı artıq ikinci dəfə bu mötəbər yarışın "Dördlər finalı"na ev sahibliyi etmiş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə