MOK-da “Fəal Ailəm, Sağlam Aləm” proqramının ötən ilin yekunları ilə bağlı görüş keçirilib FOTOSESSİYA

MOK-da “Fəal Ailəm, Sağlam Aləm” proqramının ötən ilin yekunları ilə bağlı görüş keçirilib FOTOSESSİYA

Milli Olimpiya Komitəsində (MOK) "Coca-Cola" şirkətinin MOK-la birgə layihəsi olan "Fəal Ailəm, Sağlam Aləm" proqramının ötən ilin yekunları ilə bağlı görüş keçirilib. Siasport.az saytının məlumatına görə, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, layihənin koordinatoru Mehman Kərimov, şirkətin Türkiyə, Qafqaz və Asiya üzrə biznes blokunun prezidenti xanım Qalya Frayman Molinas, Qafqaz və Mərkəzi Asiya regionu üzrə baş direktoru Luici Panaino, İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə rəhbər Oleq Piletski iştirak edib.

Qonaqları salamlayan Ç.Hüseynzadə əvvəlcə Prezident İlham Əliyevin 1997-ci ildən MOK prezidenti kimi fəaliyyətindən danışıb. O bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi zamanı ölkədə olimpiya hərəkatı genişlənməyə başlayıb və Olimpiya Oyunlarında idmançılarımız daha yaxşı nəticələr göstəriblər. Ç.Hüseynzadə onu da qeyd edib ki, Olimpiya Oyunlarının vətəni Yunanıstan olsa da, 2015-ci ildə Avropa Oyunlarına Bakının ev sahibliyindən sonra Avropada Olimpiya hərəkatının məskəni Azərbaycan olacaq.

"Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində ötən il görülən işləri yüksək dəyərləndirən MOK-un vitse-prezidenti bu proqramın Yeniyetmələrin Olimpiya Oyunlarının yüngül atletika üzrə Avropa təsnifat yarışının sosial irsinə daxil edildiyini vurğulayıb.

Sonra görülən işlər barədə videoçarx nümayiş etdirilib. Bunun ardınca proqramın koordinaoru Mehman Kərimov nəticələr və 2014-cü il üçün nəzərdə tutulmuş işlər haqda məlumat verib. M.Kərimov 2014-cü il üçün nəzərdə tutulmuş fəaliyyətlərin Təhsil Nazirliyi ilə rəsmi əməkdaşlıq şəraitində həyata keçiriləcəyini xüsusi vurğulayıb.

Xanım Qalya Frayman Molinas əməkdaşlıqdan razı qaldıqlarını, növbəti illərdə də əməkdaşlığın uğurla davam edəcəyini vurğulayıb.

Tədbirin sonunda Ç.Hüseynzadə qonaqlara Milli Olimpiya Komitəsinin xüsusi hədiyyələrini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə