"Qəbələ" "Simurq"la oyuna hazırdır

"Qəbələ" "Simurq"la oyuna hazırdır

Premyer Liqanın XXIV turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq "Qəbələ" dünən doğma məkanda oyun öncəsi son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, məşqdən öncə klubun vitse-prezidenti Fariz Nəcəfov komandanın futbolçu, məşqçi və texniki heyətini Xocalı Soyqırımı barədə ətraflı məlumatlandırıb, onlara həmin günün Azərbaycanda hüzn günü olduğunu bildirib.

Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Rafael Santos və Omar Kalabane yer almayıb. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.

"Qırmızı-qaralar" bu gün səhər saatlarında Qəbələni tərk ediblər. Komandanın matçöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Zaqatala şəhər stadionunda sabah baş tutacaq.

Xatırladaq ki, "Qəbələ" "Simurq"la fevralın 28-i saat 15:00-da üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə