Dünya Boks Seriyası (WSB) Liqasının 10-cu turu çərçivəsində "Baku Fires" komandası səfərdə Kubanın "Cuba Domaderos" kollektivi ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, kubalılar 8 görüşdən sonra 100 faizlik nəticə ilə B qrupunun vahid lideridir. "Baku Fires" isə 8 görüşdən 17 xal toplayaraq B qrupunda 3-cü yeri tutur.
Artıq komandaların heyəti müəyyənləşib. Xerardo Servantes (52 kq, "Cuba Domaderos") Məhəmməd Abdulhəmidov ("Baku Fires") ilə, Lazaro Alvarez (60 kq) Xurşid Tocibayev ilə, Roniel Sotolonqo (69 kq) Yevgeni Romaşkeviç ilə, Xulio Sezar la Kruz (81 kq) Teymur Məmmədov ilə, Yoandi Toirak (91 kq-dan yuxarı) Arslanbek Mahmudov ilə qarşılaşacaq.
Qrupun aşkar favoriti olan Kuba komandasının ən tanınmış boksçusu R.Sotolonqodur. Yevgeni Romaşkeviçin rəqibi olacaq boksçu 2008-ci ildə Pekin Olimpiadasının bürünc medalını qazandıqdan 4 il sonra Londonda Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. R.Sotolonqo 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatının da qalibi olub.
Kubada rinqə çıxanlar arasında Avropa çempionumuz, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da olacaq. Onun rəqibi 2011-ci ildə Bakıda dünya çempionatının qızıl medalına sahib olmuş Xulio Sezar la Kruzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB