"Baku Fires" və Rusiya komandaları arasında keçiriləcək döyüşlərə həsr olunmuş mətbuat konfransı təşkil olunub FOTOSESSİYA

"Baku Fires" və Rusiya komandaları arasında keçiriləcək döyüşlərə həsr olunmuş mətbuat konfransı təşkil olunub FOTOSESSİYA

Sabah Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunda Azərbaycanın "Baku Fires" klubu Rusiya komandası ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bu gün bununla bağlı mətbuat konfransı keçirilib. Döyüşlərin keçiriləcəyi arenanın mətbuat mərkəzində baş tutan tədbirdə "Baku Fires" klubunun baş məşqçisi Nuripaşa Talibov, Rusiya komandasının baş meneceri Stepan Stepanoviç Lendyel və WSB-nin supervayzeri Devid Françes Byron iştirak edib.

Supervayzer Devid Françes Byron hər iki komandanın yaxşı heyətinin olduğunu, sabah azarkeşlərin maraqlı döyüşlər izləyəcəklərini qeyd edib. O, Azərbaycanda təşkilatçılığın ən yüksək səviyyədə olduğunu deyib.

Hər iki komandanın heyətləri təqdim olunub və çəki mərasimi keçirilib. Mərasimdən sonra jurnalistlərin sualları cavablandırılıb.

Rusiya komandasının baş meneceri Stepan Stepanoviç Lendyel Azərbaycanda boks idman növünün inkişafından xəbərdar olduğunu, "Baku Fires" klubunun güclü heyətinin formalaşdığını qeyd edib. Döyüşlərin maraqlı və gərgin keçəcəyini deyən baş menecer məğlub olarlarsa, bunun dünyanın sonu olmadığını bildirib. Stepan Stepanoviç Lendyel komandasında heç bir boksçunu xüsusi ayırmaq istəmədiyini, hamısından uğur gözlədiyini deyib. O, bəzi çəkilərdə lider boksçuların Azərbaycana gətirilməməsinin eyni zamanda 3 görüşə hazırlıqla bağlı olduğunu bildirib. Baş menecer Azərbaycanda hər zaman yaxşı qarşılandıqlarını qeyd edərək, təşkilati işlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

"Baku Fires"in baş məşqçisi Nuripaşa Talibov isə sabahkı döyüşlərdə qalib gələcəklərinə inandığını qeyd edib: "Əsas qələbə qazanmaqdır. Hesabın yüksək olması isə daha da sevindirici olar". Baş məşqçi növbəti turda "Cuba Domaderos"la qarşılaşmada Teymur Məmmədova da şans veriləcəyini deyib: "T.Məmmədov formasını bərpa edib. Növbəti döyüşlərdə o da heyətdə olacaq. Məhəmmədrəsul Məcidovun isə istirahət etməsi lazımdır". N.Talibov komandalara uğurlar arzulayıb.

Komandaların heyətləri:

"Baku Fires" – Rusiya

49 kq. Xamza Nametov – Bator Saqaluyev

56 kq. Məhəmməd Qurbanov – Nikita Fedorçenko

64 kq. Heybətulla Hacəliyev – Maksim Dadaşev

75 kq. Nikolay Veselov – Pyotr Xamukov

91 kq. Abdulqadir Abdullayev - Aleksey Yeqorov

Qeyd edək ki, hazırda "Baku Fires" klubu 8 görüşdən 14 xal toplayaraq, B qrupunda 3-cü yeri tutur . Bir qarşılaşma az keçirən şimal qonşumuz 13 xalla 4-cü pillədədir.

Turnir cədvəli:

"Cuba Domaderos" – 21 xal, (7 görüş)

"Astana Arlans" – 19, (8)

"Baku Fires" – 14, (8)

Rusiya – 13, (7)

"Mexico Guerreros" – 6, (8)

"Hussars Poland" – 1, (8)

Elgün Vidadioğlu, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə