Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan güləş üzrə beynəlxalq turnir davam edir. Siasport.az saytının məlumatına görə, 42-ci dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edir. Turnirin ilk günündə yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97kq) turnirin qalibi olub. O, ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırıb.
97 kq çəki dərəcəsində digər təmsilçimiz Roman Bəkirov isə bürünc medala sahib olub.
65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov da rəqiblərindən üstün olub və finala yüksəlib. Ancaq finalda İtaliya güləşçisi ilə görüşdə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.
Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev ardıcıl iki türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran Ağahüseyn turniri 5-ci sırada tamamlayıb.
İlk yarış günündə mübarizəyə qoşulan güləşçilərimizdən Yaşar Əliyev (57 kq) və Səid Həmidov (97 kq) mübarizəni erkən dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB