Sabah "Bakı" Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda "Neftçi" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb. O, matçın çətin keçəcəyini deyib: "Əlbəttə, çox çətin qarşılaşma olacaq. Bunu qəbul edib, ciddi hazırlaşırıq. Nəticədə azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəklər. Sabahkı oyunda heç bir komandanı favorit saymaq olmaz. Hər iki kollektivin çox güclü heyəti var. Statistikaya əsasən daxili çempionatda "Bakı"nın "Neftçi"ni ən böyük hesabla 5:1 və 3:0 yenməsi keçmişdə qaldı, bu günlə yaşamaq lazımdı. "Neftçi"nin bəzi aparıcı futbolçuları bizə qarşı oynamasa da, onlar yenə meydana 11 nəfərlə çıxacaqlar. Hər biri də "Bakı"ya qarşı daim döyüşməyə hazırdır. Bütün bunlar o demək deyil ki, nədənsə qorxuruq. Əksinə, meydana 3 xal üçün çıxacağıq.
Televiziyada dumanlı görünən "Xəzər Lənkəran" - "Neftçi" görüşünü izlədim. Hərçənd mübarizəni daha aydın görə bilmədim, amma orada baş verənlər Azərbaycan futbolu üçün böyük zərərdir. Bu gün daxili çempionat tədricən inkişaf edir. Belə hallar isə bu inkişafa xələl gətirir.
"Bakı"ya gəlincə, mən elə bir komanda yaratmışam ki, bu, əsl idman kollektividir və belə hallardan qaçırıq. Oyunçularım xoşagəlməz hallara yol verməz. Bura dava-qırğına yox, futbol oynamağa gəlmişik. Azərbaycan elə bir yerdir ki, yeni-yeni istedadlı futbolçular üzə çıxır. Biz məhz onların inkişafına dəstək verməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB