Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilmiş buzadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Siasport.az saytının məlumatına görə, çempionatda FAİREX-in nəzdində fəaliyyət göstərən "Climb-club", "Rock stone", "EXTRALİFE", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Gənclik" komandaları, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət İqtisad və Qərb universitetlərinin idman klubları, eləcə də Qusarın "Salavat", "Qusar" və "Zirvə", Qaxın "Extremal" komandalarını təmsil edən idmançılar mübarizə aparıblar. Ümumilikdə yarışa 12 klubdan 50-dək idmançı qatılıb. Bu idmançılardan 16-sı təsnifat yarışlarını uğurla keçərək final mərhələsinə vəsiqə qazanıb.

Şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar yüksək iradə və ustalıq nümayiş etdiriblər. Gərgin mübarizədən sonra iki mərhələdə - çətinlik və sürət mərhələlərində qaliblər müəyyənləşib.
Çətinlik mərhələsində oğlanlar arasında I yeri Ramel Rəhimxanov, II yeri Ramay Rəhimxanov, III yeri isə Babək İbadov tutub. Qızlar arasında isə qalib adını Leyla Əliyeva qazanıb. Gülnar Pirəliyeva II , Könül Hüseynova isə III yerə çıxıb.
Sürət mərhələsində oğlanlar arasında I yerdə Qalib Şıxrəhimov, II yerdə Ramel Rəhimxanov, III yerdə isə Ramay Rəhimxanov qərarlaşıb. Qızlar arasında Leyla Əliyeva bu dəfə də birinci pilləyə yüksəlib. Gülnar Pirəliyeva II, Reyhan Məmmədova isə III yeri tutub.
Yarışın qalibləri FAİREX tərəfindən mükafatlandırılıblar. Həmçinin final mərhələsinin iştirakçıları eyni zamanda, 28 fevral - 2 mart tarixində Rusiya Federasiyasının Ufa şəhərində keçiriləcək dünya kuboku uğrunda yarışlarına vəsiqə əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə