Paris Qran Prisindən 2 qızıl və 1 bürünc medal

Paris Qran Prisindən 2 qızıl və 1 bürünc medal

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib. Siasport.az saytının məlumatına görə, hər üç güləş növü üzrə təşkil olunmuş yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edib.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Paris Qran Prisində qüvvələrini sınayıb. Komandamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanıb.

48 kq çəkidə mübarizə aparan Mariya Stadnik yenə öz liderliyini təsdiqləyib. Analıq məzuniyyətindən sonra ilk yarışına çıxan təmsilçimiz Paris Qran Prisinin qızıl medalını qazanıb. O, ardıcıl olaraq ABŞ, İsveç, Fransa və Kanada güləşçilərini məğlub edib.

58 kq-da mübarizə aparan Yuliya Ratkeviç də qızıl medala sahib olub. Qırğızıstan, İspaniya və ABŞ güləşçiləri üzərində üstünlük təmsilçimizi Paris Qran Prisinin qalibi edib.

Yığma komandanın digər üzvü Səbirə Əliyeva (75 kq) isə bürünc medal qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə