XXII Qış Olimpiya Oyunları çərçivəsində Soçi şəhərində Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsi adından Milli Olimpiya Komitələri üçün ziyafət verilib. Siasport.az saytının məlumatına görə, ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-un sabiq prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, bir sıra ölkələrin Milli Olimpiya Komitələrinin rəhbərləri, nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər işirak ediblər.
Tədbirə toplaşanları salamlayan Soçi Olimpiadasında Azərbaycan nümayəndə heyətinin şef-demissionu Konül Nurullayeva çıxış üçün ilk sözü Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimova verib. Qonaqları Birinci Avropa Oyunları Təşkilat Komitəsi adından salamlayaran nazir Azad Rəhimov beynəlxalq olimpiya hərəkatının tanınmış simalarını bu tədbirdə görməkdən məmnun olduğunu bildirib.
Avrop Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq barədə danışaraq, Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Təşkilat Komitəsi həm AOK, həm də beynəlxalq federasiyalarla əlaqəli işləyir. P.Hikki gələn il təkcə Avropanın deyil, ümumilikdə, bütün dünyanın möhtəşəm bir idman bayramına şahidlik edəcəyini qeyd edib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax isə çıxışında Bakı-2015-in beynəlxalq olimpiya hərəkatında yeni mərhələ olacağına inandığını bildirib. Birinci Avropa Oyunlarına hazırlıq və oyunların təşkilində Bakı şəhərinə və təşkilat komitəsinə uğurlar arzulayan BOK prezidenti Azərbaycanın dünya idmanında fəal iştirak etdiyini qeyd edib.
Ziyafət Azərbaycan musiqiçilərinin canlı ifasında milli musiqi və mahnılarımızın sədaları altında davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB