22-ci qış olimpiya oyunları çərçivəsində Soçi şəhərində Bakı-2015, Birinci Avropa Oyunlarına dair brifinq keçirilib. Siasport.az saytının məlumatına görə, brifinqdə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş direktoru Azad Rəhimov və AOK-un Koordinasiya Komitəsinin sədri Spiros Kapralos çıxış ediblər.
Dünyanın tanınmış agentliklərinin müxbirlərinin iştirak etdiyi brifinqdə nazir Azad Rəhimov ilk Avropa Oyunları zamanı istifadə olunacaq idman qurğularının vəziyyəti barədə məlumat verib.
O bildirilib ki, gimnastika kompleksinin tikintisi başa çatmaq üzrədir. Üzgüçülük mərkəzi və açılış mərasiminin təşkil ediləcəyi Olimpiya Stadionunun tikintisi plana uyğun şəkildə davam edir və yarışlaradək tam hazır vəziyyətdə olacaq. Bundan başqa, Avropa Oyunları Parkının, eləcə də bir sıra müvəqqəti idman qurğularının salınması da nəzərdə tutulub.
Jurnalistlərin suallarını cavablandıran nazir nəqliyyat, könüllülər və digər məsələlərdə ən yüksək təcrübənin tətbiqinin nəzərdə tutulduğunu bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə dünyanın ən yüksək xidmətlərini təklif edən şirkətlərlə əməkdaşlıq ediləcək.
AOK prezidenti Patrik Hikki Azərbaycanın Oyunları yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu vurğulayıb. AOK prezidenti hazırlıqların plana uyğun davam etdiyini və Təşkilat Komitəsinin bütün məsələlərə diqqətlə yanaşdığını əlavə edib.
P.Hikki jurnalistlərin sualına cavab olaraq onu da bildirib ki, Bakıdan sonra, ikinci Avropa Oyunlarını qəbul edəcək şəhərin adı Avropa Olimpiya Komitəsinin Bakıda keçiriləcək növbəti Assambleyasında məlum olacaq. AOK prezidenti həmçinin qeyd edib ki, 18 idman növü üzrə 49 Avropa Olimpiya dövlətlərindən olan 5400-dən artıq atleti bir araya gətirəcək Avropa Oyunları "Rio-2016" Olimpiya Oyunları üçün lisenziya tədbirinə çevriləcək. "Əminəm ki, Bakı Avropanın qürur duyacaq ali idman tədbirini ən yüksək səviyyədə təşkil edəcək", deyə Patrik Hikki bildirib.
Nazir Azad Rəhimov qeyd edib ki, Soçi Oyunları Bakı üçün Birinci Avropa Oyunlarına planlaşdırma məsələlərini yoxlamaq baxımından önəmli fürsətdir. "Təşkilat Komitəsi atletlər üçün yaxşı məşq yerləri, düzgün avadanlıq, keyfiyyətli yerləşmə, lazımi qida və effektiv nəqliyyatı təmin etməlidir. Biz deyə bilərik ki, "London-2012" heyəti kimi Soçi də atletlər üçün bütün bu xidmətləri olduqca yüksək səviyyədə göstərib. Milli Olimpiya Komitəmizin rəsmiləri və idmançılarımız tərəfindən Soçidə atletlərə göstərilən yüksək keyfiyyətli xidmətlərlə bağlı bütövlükdə verilən yüksək qiymətlərin şahidi oluruq", deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB