Böyükağa Hacıyev: "Hakimin əlində ixtiyar olsaydı, 11 futbolçumun hamısını oyundan çıxarardı"
Topaz Premyer Liqasının 20-ci turuna "Böyük oyun"la yekun vurulub. Siasport.az saytının məlumatına görə, dramatik məcrada keçən "Xəzər Lənkəran" – "Neftçi" oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:
Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Oyun haqqında şərh vermək istəmirəm. Hakimin əlində ixtiyar olsaydı, 11 futbolçumun hamısını oyundan çıxarardı. Təəssüflər olsun ki, bu, "böyük oyun" olmadı. Tarixə keçən adi çempionat oyunu oldu. Hesabda 2:0 irəlidə idik, son 10-15 dəqiqədə isə 2 qol buraxdıq. Rəhim Həsənov bu 10-15 dəqiqədə fövqəladə hakimlik etdi. Onun ömrü boyu "Neftçi" ilə problemi olub, bu, birinci hal deyil. Nə edirsə, özü bilər. Onun hakimliyini araşdırmaq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun işidir. Oyun maraqlı da deyildi, adi oyun idi. Təəssüflənirəm ki, 3 xalımızı Rəhim Həsənov əlimizdən aldı".
Mustafa Denizli, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bugünkü oyunda 2 xal itirdik və ya 1 xal qazandıq demək çətindir. Rəqibə qol imkanı vermədən hesabda iki top geriyə düşdük. Oyunun ilk bölümündə "Neftçi"nin bizdən daha yaxşı oynadığını demək səhv olmazdı. İlk dəfə idi "Neftçi"yə qarşı oynayırdım. İstənilən halda "Neftçi" kimi komanda ilə oyunda 0:2 hesabı ilə geridə olsaq da, heç-heçə etdik. İkinci hissədə rəqib qapıçısı ilə təkbətək epizodlarımız oldu. Bir qol vurmaq bizim üçün çox vacib idi. Son yarım saatı da üstün oynadıq. Ümumilikdə isə bu oyun "Neftçi"yə məğlub olmamaq üçün kifayət etdi. Azarkeşlərimiz üçün maraqlı oyun oldu. "Neftçi" bizdən daha sakit oynadı, daha ağıllı ötürmələr verdi, bunu qəbul etmək lazımdır. 0:2 dən sonra məğlub olmamaq bizim üçün bir təsəlli oldu. Rəqiblərlə xal fərqini qoruduq. İkinci dövrəyə çox geridən başladıq, irəli qrupda gedən komandalara çatmağımız lazımdır. Bunu nə qədər bacara biləcəyimizi deyə bilmərəm. Oyunun bəzi hissələrində yaxşı oynadıq. Azarkeşlərimiz komandanın mübarizəsini gördü, onlara məğlubiyyət acısı yaşatmadığımız üçün şadam. Dumana görə hakimin göstərdiyi qırmızı vərəqələri, hətta öz komandamın hücumlarını görə bilmədim. Fikrimcə, həyəcanlı bir futbol günü idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB