Yığmamız "Təxti Kuboku"unda ilk günü medalsız başa vurdu FOTO-YENİLƏNİB
"Təxti Kuboku" beynəlxalq turnirində mübarizə aparmaq üçün Tehrana səfər edən sərbəst güləş üzrə Azərbaycan yığma komandası mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, "7 tir" Arenada keçirilən yarşın ilk günündə (6 fevral) 57, 65, 74, 97 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar yarışırlar.
Pəhləvanlarımızdan ilk olaraq döşəyə 65 kq çəki dərəcəsində Coşqun Əzimov çıxıb. O, koreyalı Kang Jin Hyokla qarşılaşıb. İdmançımız rəqibinə heç bir şans verməyib və mübarizəni 10:0 hesablı qələbə ilə erkən bitirib. Coşqun ikinci görüşündə erməni Artur Bağdasaryanla üz-üzə gəlib. İdmançımız ermənini meydana çıxdığına peşman edib. Belə ki, C.Əzimov görüşdə 10:0 hesabı ilə vaxtından əvvəl qalib olub.
Güləşçimiz növbəti görüşünü qazaxstanlı Dauren Zhumagazyyevlə keçirib. Təəssüf ki, bu görüşdə C.Əzimov 6:2 hesabı ilə məğlub olub.
74 kq çəki dərəcəsində güləşən Bəxtiyar İsrafilli qırğısıstanlı İnnokentievə 10:11 hesabı ilə məğlub olub.
57 kq çəki dərəcəsində isə Mircəlal Həsənzadə yerli idmançı Rezazadehganji ilə üz-üzə gəlib və 7:2 hesabı ilə məğlub olub.
57 kq çəki dərəcəsində digər idmançımız Namiq Sevdimzadə İran güləşçisi Yaghobizeleti ilə güləşib. Görüş bərabər mübarizə şəraitində keçsə də, (1:1) güləşçimiz 2 rəsmi xəbərdarlıq aldığına görə qələbə rəqibə verilib.
97 kq çəki dərəcəsində güləşən idmançımız Roman Bəkirov İran təmsilçisi Amir Mohammadi ilə qaşılaşıb. Güləşçimiz gərgin keçən mübarizədən 15:14 hesabı ilə qalib ayrılıb. O, növbəti görüşünü digər İran güləşçisi Abbas Tahanla keçirib. İdmançımız 14:4 hesabı ilə məğlub olub. Güləşçimizin məğlub olduğu rəqib finala vəsiqə qazandığına görə, R.Bəkirov təsəlliverici görüşlərə qatılıb. O, Yaponiya idmançısı Yamaguchi Takeshi ilə qarşılaşıb və təmiz qələbə qazanıb.
Güləşçimiz bürüc medal uğrunda ukraynalı Pavlo Oliinyk ilə görüşüb və 2:12 hesabı ilə məğlub olub.
Nəzərinizə çatdıraq ki, yarışın açılışında Azərbaycanın "Natiq" ritm qrupu da konsert proqramı ilə çıxış edib.
Nəticələr:
57 kq
Yaghobizeleti M. (İRİ) - Namiq Sevdimzadə (AZE) 1:1 (Namiq 2 rəsmi xəbərdarlıq aldığına görə qələbə rəqibə verildi)
57 kq
Rezazadehganji M. (İRİ) - Mircəlal Həsənzadə (AZE) 7:2
65 kq
Coşqun Əzimov (AZE) - Kang Jin Hyok (PRK) 10:0
Coşqun Əzimov (AZE) - Artur Bağdasaryan (ARM) 10:0
Dauren Zhumagazyyev (KAZ) - Coşqun Əzimov (AZE) 6:2
74 kq
Bəxtiyar İsrafilli (AZE)- İnnokentiev İ. (KGZ) 10:11
97 kq
Roman Bəkirov (AZE) - Mohammadi Amir (İRİ) 15:14
Abbas Tahan (İRİ) - Roman Bəkirov (AZE) 14:4
Təsəlliverici görüşlər:
Yamaguchi Takeshi (JPN) - Roman Bəkirov (AZE) - Hesab 3:7 olan zaman güləşçimiz təmiz qələbə qazanıb və görüş vaxtından tez başa çatıb.
Roman Bəkirov (AZE) - Pavlo Oliinyk (UKR) 2:12
Qeyd edək ki, 15 ölkənin güləşçilərinin qatıldığı yarışda komandamıza məşqçi Nazim Əlicanov rəhbərlik edir. Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakimimiz Xanmirzə Məlikəliyev iştirak edir.
Ümumilikdə yarışda ölkəmizi 57 kq çəki dərəcəsində Namiq Sevdimzadə və Mircəlal Həsənzadə, 61 kq çəki dərəcəsində Ümüd Məmmədov, 65 kq çəki dərəcəsində Coşqun Əzimov, 74 kq çəki dərəcəsində Bəxtiyar İsrafilli, 86 kq çəki dərəcəsində Məhəmməd Abdulxaliqov, 97 kq çəki dərəcəsində isə Roman Bəkirov təmsil edir.
Elgün Vidadioğlu, Tehran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB