Sərbəst güləş üzrə yığma komandamız Tehranda ilk məşqinə çıxıb

Sərbəst güləş üzrə yığma komandamız Tehranda ilk məşqinə çıxıb

"Təxti Kuboku" beynəlxalq turnirində mübarizə aparmaq üçün İrana səfər edən sərbəst güləş üzrə Azərbaycan yığma komandası Tehranda ilk məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, komandamız "Şirudi" stadionunun güləş zalında məşq edib. Məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə keçirilən hazırlıq prosesində güləşçilərimiz öncə isinmə hərəkətlərini yerinə yetiriblər. Daha sonra isə məşqçinin verdiyi taktiki və texniki tapşırıqlar üzərində işlənilib. Pəhləvanlarımız məşqin sonunda komanda yoldaşları ilə hazırlıq məqsədli görüşlər keçiriblər.

Qeyd edək ki, "7 tir" Arenada keçiriləcək turnirdə 15 ölkənin güləşçiləri mübarizə aparacaqlar. Yarışda ölkəmizi 57 kq çəki dərəcəsində Namiq Sevdimzadə və Mircəlal Həsənzadə, 61 kq çəki dərəcəsində Ümüd Məmmədov, 65 kq çəki dərəcəsində Coşqun Əzimov, 74 kq çəki dərəcəsində Bəxtiyar İsrafilli, 86 kq çəki dərəcəsində Məhəmməd Abdulxaliqov, 97 kq çəki dərəcəsində isə Roman Bəkirov təmsil edir.

İlk olaraq yarışa fevralın 6-da 57, 65, 74 , 97 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar qatılacaqlar. Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakimimiz Xanmirzə Məlikəliyev iştirak edəcək.

Elgün Vidadioğlu, Tehran

Bütün xəbərlər Facebook səhifəmizdə