Bakı şəhər birinciliyi başa çatıb

Bakı şəhər birinciliyi başa çatıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 1998-1999-cu il təvəllüdlü (16 yaşadək) oğlanlar arasında şahmat üzrə keçirilən Bakı şəhər birinciliyi başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, RİOEUGŞM, HRŞDK, "Sərhədçi" İOM və Respublika Şahmat Klubunu təmsil edən 24 idmançı iştirak edib. 9 turdan ibarət, İsveçrə sistemi üzrə keçirilən yarışlara beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə rəhbərlik edib.

Yekun nəticələrə əsasən, I yeri 7,5 xalla Rüstəm Bünyatov (2 №-li UGŞİM), II yeri 7 xalla İlkin Rəhimli (RİOEUGŞM), III yeri 7 xalla Qulam Məmmədov (1 №-li İOEUGŞDİM) tutub.

Bundan əlavə, 7 xalla IV yeri tutmuş Zaur Abbasov (2 №-li UGŞİM) da bu ilin mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb. Yarışın bağlanış mərasimində BŞGİBİ-nın baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Yarışda I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə