Kəmaləddin Heydərov: "AİBA-nın komissiyalarının iclasının Bakı şəhərində təşkil edilməsi inkişafın bariz nümunəsidir"
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının iclasında iştirak edib. Siasport.az saytının məlumatına görə, o, tədbir iştirakçılarını salamlayıb və qonaqları paytaxtımızda görməyə şad olduğunu qeyd edib. ABF prezidenti ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini bildirib: "Dünyada ilk dəfə keçiriləcək 2015-ci il I Avropa Oyunlarının ölkəmizdə təşkil olunmasını xüsusilə qeyd etmək istərdim. Avropa Olimpiya Komitəsi Azərbaycanın təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, bu mötəbər yarışı bizə həvalə etdi. Həmçinin, hamınıza yaxşı məlumdur ki, Bakı boks üzrə bir çox tədbir və yarışlara ev sahibliyi edib. Ümidvaram ki, 2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatının xoş xatirələri hələ də yaddaşlarınızdan silinməyib.
AİBA bizə bir daha şərait yaratdı. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının komissiyalarının iclasının Bakı şəhərində təşkil edilməsi bu inkişafın bariz nümunəsidir. Bütün AİBA ailəsinə təşəkkür edirəm. Əminəm ki, burda olduğunuz müddətdə sürətlə inkişaf edən Bakının yeni gözəllikləri ilə tanış olacaqsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB