"Simurq" Tanzaniya klubu ilə heç-heçə edib

"Simurq" Tanzaniya klubu ilə heç-heçə edib

Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" növbəti yoldaşlıq görüşünə çıxıb. Siasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Tanzanya çempionatının lideri "Young Afrikans" klubu ilə qarşılaşıb. Oyundan öncə hər iki komanda 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib və futbolçularımız meydana qara sarğı ilə çıxıb.

Görüş "Simurq"un hücumları ilə başlayıb. İlk təhlükəli vəziyyəti "sarı-qaralar" yaradıb. Ancaq Salif Ballonun başla qapıya göndərdiyi topu rəqib qapıçısı dəf etməyi bacarıb. Bundan sonra Georgi Çixradzenin yetirmələri oyunda üstünlüyü rəqibə veriblər və bu da öz nəticəsini hesabda göstərib. Qapıçı ilə təkbətəkdən yararlanan afrikalılar bu şansları boşa verməyiblər və 2 qol vurublar. Lakin ilk hissənin sonlarına yaxın Anderson bu qollardan birinin əvəzini çıxa bilib və komandalar fasiləyə 2:1 hesabı ilə yollanıblar.

Məğlub durumda olan "Simurq" ikinci hissə başlayan kimi hücuma atılıb və meydana yenicə çıxmış Murad Səttarlı hesabı bərabərləşdirib. Salif Ballonun ötürməsindən sonra U-21-in heyətindən yenicə qayıtmış yeni transfer bu imkanı əldən verməyib. Səttarlı daha sonra dubl etmək şansı yaxalasa da, bu dəfə dəqiq ola bilməyib. Oyun bu hesabla başa çatıb. "Simurq" Antalyadakı ikinci yoldaşlıq görüşündən 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə