Rizvan Gənciyev: "Kim xarakter göstərməsə, rinqdə tam gücü ilə döyüşməsə, cəzalandırılacaq"

Rizvan Gənciyev: "Kim xarakter göstərməsə, rinqdə tam gücü ilə döyüşməsə, cəzalandırılacaq"

Xəbər verdiyimiz kimi, yanvarın 18-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunda Azərbaycanın "Baku Fires" klubu Qazaxıstanın "Astana Arlans" komandası ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bu gün hər iki klubun nümayəndələri və boksçularının iştirakı ilə mətbuat konfransı və çəki mərasimi keçirilib. Konfransda "Astana Arlans"ın baş direktoru Bolat Mankenov, baş məşqçisi Sergiy Korçinski, supervayzer Yung Yae Kyu, "Baku Fires"in baş meneceri Rizvan Gənciyev, baş məşqçisi Nuripaşa Talibov və boksçular iştirak ediblər.

İlk olaraq supervayzer Yung Yae Kyu çıxış edib. O, tədbir iştirakçılarını salamlayaraq sabah keçiriləcək döyüşlər barədə fikirlərini bildirib. Supervayzer boksçulara uğurlar arzulayıb.

Daha sonra "Astana Arlans"ın baş direktoru Bolat Mankenov danışıb. O, sabah çox gərgin və maraqlı döyüşlər olacağını bildirib: "Bilirəm ki, güclü komandanız var. Döyüşlər gərgin keçəcək". B.Mankenov komandasında çıxış edəcək boksçuları təqdim edib.

"Baku Fires"in baş meneceri Rizvan Gənciyev də fikirlərini bildirib. Baş menecer ən güclü komandalardan birinə qarşı döyüşəcəklərini, görüşlərin asan keçməyəcəyini qeyd edib. O, güclü komandanın qalib gələcəyini vurğulayıb.

R.Gənciyev heyətdə dəyişiklik edildiyini qeyd edib: "81 kq çəki dərəcəsində döyüşən Ramazan Məhəmmədov məşqdə zədələndiyinə görə onun əvəzinə Samir Məmmədov çıxış edəcək. S.Məmmədov da mütəmadi olaraq hazırlıq keçir və bu döyüşün öhdəsindən gələ biləcək idmançıdır. Bu, ona özünü göstərmək üçün bir şansdır.

Yaxşı çıxış etməyəcək idmançılar barədə də danışan baş menecer bu boksçuların cəzalandırılacağını deyib: "Komandamızda çıxış edən boksçulara idmançıya lazım bütün şərait yaradılıb. Onlara yüksək maaş, mükafatlar verilir. Kim xarakter göstərməsə, rinqdə tam gücü ilə döyüşməsə, cəzalandırılacaq".

Daha sonra baş menecer Teymur Məmmədov barədə fikirlərini bildirib: "T.Məmmədov məşqlərə başlayıb. O, hələ formada deyil. Növbəti döyüşlərdə onun çıxış edib-etməyəcəyinə baş məşqçi qərar verəcək".

R.Gənciyev "Baku Fires"in üzvlərini təqdim edib.

Daha sonra isə çəki mərasimi keçirilib.

Elgün Vidadioğlu, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə