Nikolay Adam: "Təəssüf ki, biz oyunda yox, penaltilər seriyasında qalib gəldik"
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Latviya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:
Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): "Əvvəlcə, ötən oyunda futboluçumuza göstərilmiş qırmızı vərəqə ilə bağlı səsləndirdiyim fikrə qayıdaraq üzr istəyirəm. Həmin epizodda rəqib futbolçu oyundankənar vəziyyətdə deyildi və qırmızı vərəqə qaydalar çərçivəsində göstərilmişdi.
Bu gün qarşılaşmadan əvvəl futbolçulara demişdim ki, oyunda qələbə qazanmaq lazımdır. Təəssüf ki, biz oyunda yox, penaltilər seriyasında qalib gəldik.
Ağaseyid Qasımovun penalti zərbələrini dəf etməkdə daha bacarıqlı olduğunu bilirdim. Oyunun son dəqiqələrində bu səbəbdən onu meydana buraxdıq.
Penaltilər seriyasında qalib gəlmək psixoloji baxımdan nə qədər faydalı olsa da, düşünürəm ki, biz 11 metrlik zərbələri deyil, oyunumuzu təhlil etməliyik".
Vladimirs Babiçevs (Latviya yığmasının baş məşqçisi): "Bu komandada qısa müddətdir ki, çalışıram. Yəqin ki, müşahidə etdiniz, bu gün oyunun gedişində futbolçulara, demək olar ki, heç nə demirdim. Bununla, əslində, adətimə xilaf çıxdım. Çünki adətən oyun boyu lazımi göstərişlər verirəm. Bugünkü susqunluğumun məqsədi komandanın kənar müdaxilə olmadan müxtəlif vəziyyətlərdə necə davranmasını müşahidə etmək idi. Heyətdə əsl liderlərin olub-olmamasını müəyyənləşdirmək istəyirdim.
Oyundan əvvəl də, fasilədə də futbolçulara demişdim ki, qələbə uğrunda son ana qədər mübarizə aparmaq lazımdır. Çünki heç bir rəqib qələbəni hədiyyə etmir.
Hesabın bərabərləşməsi oyunda dönüş nöqtəsi oldu. Bundan sonra hadisələr əleyhimizə cərəyan etdi və penaltilər seriyasında məğlub olmağımız bunun məntiqi nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB