Nikolay Adam: "Futbolçumuza göstərilmiş qırmızı vərəqə qarşılaşmanın müqəddəratını həll etdi"

Nikolay Adam: "Futbolçumuza göstərilmiş qırmızı vərəqə qarşılaşmanın müqəddəratını həll etdi"

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yaponiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:

Atsuşi Uçiyama (Yaponiya yığmasının baş məşqçisi): "Oyuna konsentrasiyamız yüksək olsa da, komandamızın bir sıra problemləri üzə çıxdı. Birinci hissədə daha yaxşı oynadıq. Fasilədən sonra ötürmələrimizin dəqiqiliyi ilə yanaşı, düşündüklərimizin icrasının və meydanda hərəkətimizin sürəti aşağı düşdü.

İntizamlı oynamaq bizim oyun üslubumuzda ən vacib xüsusiyyətdir. Komandada nizam-intizamın yüksək səviyyədə olmasına xüsusi diqqət yetiririk.

Nə qədər təəccüblü olsa da, tribunalarda azarkeşlərimiz vardı. Bu, bizim üçün xoş sürpriz oldu. Dəstəklərinə görə azarkeşlərə təşəkkür edirəm".


Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): "Yaponiya yığmasını qələbə qazanması və qrupda birinci yeri tutması münasibətilə təbrik edirəm. Oyunu şərh etməkdə çətinlik çəkirəm, çünki futbolçumuza göstərilmiş qırmızı vərəqə qarşılaşmanın müqəddəratını həll etdi. Hakimin qərarını müzakirə etmək istəməsəm də, məncə, həmin epizodda yaponiyalı futbolçu oyundankənar vəziyyətdə idi, lakin bu, qeydə alınmadı.

Əvvəlki oyunlarla müqayisədə həm heyətdə, həm də oyun sxemində dəyişiklik etmişdik. Azlıqda qalmağımız planlarımızı pozdu.

Qarşıdakı iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə