Azərbaycan karateçiləri “Paris Open”də mübarizə aparacaqlar

Azərbaycan karateçiləri “Paris Open”də mübarizə aparacaqlar

Yanvarın 10-dan 12-dək Fransanın paytaxtında karate üzrə "Paris Open" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa silsiləsindən ənənəvi yarışda ölkəmizi Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 14 idmançıdan ibarət heyət təmsil edəcək.

Heyətdə Məcid Əmirov (60 kq), Rafiz Həsənov, Niyazi Əliyev, Tural Ağalarzadə (hamısı 67 kq), Samir Məmmədov, Şahin Quluzadə (hər ikisi 75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Rəsul Əlizadə, Asiman Qurbanlı (hamısı 84 kq), Əli Cəfərov (84 kq-dan yuxarı), Tural Balcanlı (kata), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) yer alıblar.

Parisdə WKF Premyer Liqasında beynəlxalq dərəcəli hakimlərimiz, AMKF-nin vitse-prezidenti Yusif Məmmədov və AMKF Hakimlər komitəsinin sədri Cahangir Babayev turniri idarə edən referilər arasında olacaqlar.

Yarışın favoritlərindən sayılan Rafael Ağayev (75 kq) dizindən əməliyyat olunduğuna görə "Paris Open"də iştirak edən heyətə daxil edilməyib. İdmançılarımız yanvarın 14-də Vətənə dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə