Masallıda alternativ enerji ilə işləyən idman mərkəzi istifadəyə verilib

Masallıda alternativ enerji ilə işləyən idman mərkəzi istifadəyə verilib

Masallı rayonunun Boradigah qəsəbəsində Azərbaycanda ilk dəfə alternativ enerji ilə işləyən idman mərkəzi istifadəyə verilib. Siasport.az saytının məlumatına görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişinə əsasən "Xəzər" Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzi tərəfindən tikintisinə bu ilin iyul ayında başlanılan idman mərkəzinin elektrik sistemi günəş panelləri ilə təmin edilib. Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş panelləri quraşdırılıb.
Mərkəzin idman zalında mini-futbol, voleybol, basketbol, həndbol, güləş və atletika yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada, həmçinin məşq otaqları inşa edilib, trenajorlar quraşdırılıb. 2,5 hektar sahəni əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə stadionun və otelin tikilməsi də nəzərdə tutulur.
İdman mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova qəsəbə sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: "2005-ci ildə bu dairədən deputatlığa namizədliyim irəli sürülərkən mənə verilən seçici tapşırıqlarından biri də qəsəbədə müasir tipli idman mərkəzinin tikilməsi idi. Nazirlər Kabineti seçici tapşırığına əsəsən irəli sürülən bu təşəbbüsü bəyənib və bu işə dəstək verib. Bu gün çox sevinirəm ki, seçicilərin sosial problemlərindən biri də öz həllini tapıb.
Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman mərkəzində hər cür şəraitin yaradıldığını vurğulayan Elmira Axundova qəsəbə idmançılarının gələcəkdə böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsini icra edən Cəmil Məlikov Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 18 yanvar tarixli Sərəncamı ilə yaradılan qurumun fəaliyyətindən və gələcək planlarından danışıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, mərasimdə çıxış edən sakinlər və idmançılar yeni il ərəfəsində bu gözəl hədiyyəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
İdman Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olublar.
Milli Məclisin deputatı Elmira Axundova idmançılara idman geyimləri və futbol topları hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə