"Qəbələ" məşqçisi ilə vidalaşdı

"Qəbələ" məşqçisi ilə vidalaşdı

"Qəbələ" İK Futbol Akademiyasının məşqçisi Recep Yazıcı ilə yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, 2009-cu ilin avqust ayından bu klubuda çalışan türkiyəli mütəxəssislə başa çatan müqavilənin müddəti qarşılıqlı razılıqla uzadılmayıb. 4 ildən çox müddətdə akademiyada çalışan Recep Yazıcı açıqlamasında bunları deyib: "5 ilə yaxındır çalışdığım klubdan böyük qürurla ayrılıram. Qəbələdə çalışmaq, akademiyanın inkişafında rol oynamaq, Azərbaycan gəncliyinə xidmət etmək karyeramda dərin izlər buraxdı. Amma mən buradan ruhən ayrılmamışam, daim ürəyim yetirmələrimizin yanında olacaq. "Qəbələ" Futbol Akademiyasının bundan sonra da yalnız irəliyə doğru gedəcəyinə və Avropanın seçilən akademiyalarından birinə çevriləcəyinə heç şübhəm yoxdur. Sonda birlikdə çalışdığımız bütün heyət üzvlərinə, sevimli futbolçularıma uğurlar arzulayır, onlara öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, 14 və aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışmış R.Yazıcı hazırda ölkəmizin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən bir çox futbolçunun yetişməsində əvəzsiz rol oynayıb.

"Qəbələ" klubu dünən ölkəmizi tərk edən R.Yazıcıya göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə