Daxili İşlər Nazirliyi Bakıda güləşçilər arasında yaranan insidentə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi Bakıda güləşçilər arasında yaranan insidentə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında baş verən insidentə aydınlıq gətirib. Siasport.az saytının məlumatına görə, Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə qeyd edib ki, həmin hadisə bəzi KİV tərəfindən şişirdilib və mahiyyəti təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib: "Dekabrın 23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən çempionatda Azərbaycan vətəndaşı olan iki idmançı güləşərkən aralarında mübahisə yaranıb və onların azarkeşləri olan bir neçə şəxs də bu qısamüddətli mübahisəyə qoşulub. Yarışın təşkilatçılarının vaxtında müdaxiləsi ilə məsələnin böyüməsinin qarşısı alınıb, ara sakitləşib. Tədbirdən sonra Bakı şəhər sakini, 16 yaşlı Şamil adlı gənc Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yarışda mübahisə zəminində tanımadığı bir şəxsin bıçaqla ona çiyin nahiyəsindən xəsarət yetirdiyini bildirib. Polis əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Bakı şəhər sakini Vüqar Həziyev və Bərdə rayonunda yaşayan İbrahim Muxtarov tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin əsl mahiyyəti də bundan ibarətdir".

O.Mansurzadə həmçinin qeyd edib ki, həmin yarışlarda əcnəbi idmançılar iştirak etməyib: "Adından da göründüyü kimi bu, sərbəst və yunan-Roma güləşi üzrə Respublika çempionatı olub. Mübahisə də məhz Azərbaycan vətəndaşları olan iki güləşçi arasında düşüb".

Apasport.az

Bütün xəbərlər Facebook səhifəmizdə