Hafiz Məmmədov: "Pantiç komandanın onurğasını yarada bilib" MÜSAHİBƏ

Hafiz Məmmədov: "Pantiç komandanın onurğasını yarada bilib" MÜSAHİBƏ

"Bakı" klubunun prezidenti, eləcə də AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Hafiz Məmmədov İK-nın son iclasından sonra Stadium.az saytına müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:

- Hafiz müəllim, Milinko Pantiçin "Bakı"nın əsas komandasına cəlb etdiyi 5 gənc futbolçu "Lans"a gedəcək?

- Bəli. Beş nəfər gedirsə bu, uzun müddətlik olacaq. Bizim aşağı yaş qrupunda komandalarımız səfərlər təşkil edir, amma bu beş nəfər konkret olaraq orada qalacaqlar. Elə ola bilər 3 il, elə də ola bilər 5 il orada qalsınlar. Alyaska vaxtilə rusların olsa da, indi orada rusca danışan adam tapmaq olmaz. Mən də əminəm ki, Lansda Azəbrycanca danışacaqlar. Hətta "Lans"la "Bakı"nın təlim məşq bazasına yuxarıdan baxanda, oxşarlığı da var.

- Hazırda "Bakı" Premyer Liqada lider komandadan cəmi 7 xal geri qalır. Komandanı gücləndirmək fikriniz var?

- "Bakı" qış fasiləsində təlim-məşq toplanışı keçmək üçün İspaniyaya gedəcək. Yəqin ki, ora gedən komanda yüz faiz güclənib gələcək. Ancaq qışda komandanı gücləndirmək də çətindir. Çünki transfer bazarının qızğın vaxtı deyil və futbolçuların çoxunun klubları ilə müqavilələri var. Pantiç də istəyir komanda güclənsin. Çünki bu komandanı o qurmayıb. Buna baxmayaraq, komandanın onurğasını yarada bilib. Bizim komandanın həmişə belə bir problemi olur. Bir də görürsən, bir mövqeyə beş futbolçu var, amma başqa bir mövqe zəifdir. Mən Migeldən də xahiş etmişəm ki, "Atletiko"nun B komandasından bizə futbolçu yollasın. Onların təcrübəsi böyükdür, bizə köməkləri dəyə bilər.

- Pantiç sizə transfer siyahısı təqdim edib?

- Transfer siyahısı verməyib, amma kimi necə görür, bunu bildirib.

- Baş məşqçi hansısa yerli futbolçuların komandaya alınmasını istəyir?

- Əlbəttə. Bu gün Pantiç yerli futbolçularımızdan - Əfrandan, Kamrandan, Raufdan çox razıdır. Yazılmışdı ki, güya bu futbolçuların "Lansa" getməsinə mən icazə verməmişəm, amma belə olmayıb. Onları Pantiç buraxmadı. Pantiç bildirdi ki, bura komandanı yaxşı oynatmaq üçün gəlib və bu işdə ona belə yerli futbolçular lazımdır.

- Klublardan ilk olaraq siz idarə heyətini yaratmağa başlamışdınız, amma hələ də bu iş yekunlaşmayıb...

- Bu iş yekunlaşıb, sadəcə təsdiqini tapmayıb. Hər şey danışılıb və gözəl struktur qurulub. Elə bir sturktur qurmuşuq ki, heç kimin bir-birindən asılılığı yoxdur. Hətta tədbirlərin təşkilatçısı da iki nəfər olacaq - yerli və xarici. Yəni, hər şey düşünülüb, formalaşıb, sadəcə təsdiqini tapmayıb. Təsdiq üçün yalnız idman direktorunun təyinatı qalıb. Biz bu işin öhdəsindən gələcək peşəkar birini axtarırıq, amma bunu tapmaq çətindir. Onu Avropadan gətirəcəyik, amma biraz çətin işdir. "Şaxtyor"un prezidenti Rinat Axmetov slovakiyalı hakim Lüboş Miheli komandasına gətirmişdi. Bizə də belə bacarıqlı, Avropada təcrübəsi olan işçi lazımdır. Lüboş Mihel həm də əlaqə demək idi. Yaxşı idman direktoru tapmaq çətin işdir.

- AFFA İcraiyə Komitəsinin iclasında qərara alınıb ki, klublara uşaq futbolu ilə bağlı həm maliyyə yardımı ediləcək, həm də bu işlə məşğul olan məşqçi verəcək. Sizcə, bununla klubların işinə qarışılmır?

- AFFA qeyri-hökumət təşkilatı olsa da, belə deyil. Kütləviliyə, siyasi baxışlara görə nəhəng bir təşkilatdır. Buna görə mütləq təsir etməlidir. İclasda çox gözəl qərarlar verildi. Bu yardım o klublara ediləcək ki, onlar nəzərdə tutulan işlərə əməl etsinlər. "Bakı" klubu isə bunun hamısını edib. Hətta buna görə zarafatla bildirdim ki, biz onsuzda bütün işləri görmüşük, pulumuzu indidən hesabımıza köçürdün. Bir də "Qəbələ" klubu bu işləri görür. O klubun rəhbərliyi gördüyü bütün işlərdə uğur qazanıb. "Qəbələ"nin prezidenti Taleh Heydərov Avropada bir çox tanınmış şəxslərə Azərbaycanı sevdirə bilib, işin necə aparılmasını göstərib. Onlar həm biznesdə, həm də siyasətdə təmiz iş görürlər. Mən bunları hələ 3 il bundan qabaq demişəm. Əsas odur ki, məqsədləri çox ciddi işlər görməkdir. Toni Adamsı da buna görə gətirmişdilər. Klublar bir-birlərinə baxıb paxıllıq etmək əvəzinə, rəqabət aparmalıdırlar.

- Bəs Berti Foqtsun millidə qalmasına necə baxırsız?

- Foqts özü dedi ki, millinin topladığı 9 xal onu qane etmir. Bəzi futbolçular isə deyib ki, 9 xal olsun, bəsdir. Foqts artıq Azərbaycan futbolunu tanıyıb. Klublara da səviyyəli əcnəbi məşqçilər dəvət almalıdır. Bu gün Foqts Pantiçə deyir ki, Rauf Əliyevin oyunundan xoşu gəlib və ona görə "Bakı"nın oyununa gəlir, bizim baş məşqçi ilə görüşür. Mən indi Musatafa Dənizlinin də "Xəzər Lənkəran"a gəlməsini alqışlayıram. Futbolumuzda belə adlı-sanlı və səviyyəli məşqçilərin çoxluğu ümumi işin xeyrinədir.

- Olmazmı ki, Foqts və Dənizli kimi yaşlı məşqçilərin əvəzinə uğur qazanmağa ehtiyacı olan bacarıqlı gənc məşqçilər işə cəlb olunsun?

- Bəzi ağsaqqallar da çox həvəslə işləyə bilir. İşini sevən adam yaşa baxmır. Mənim rəhmətlik atam həkim olub. Təqaüdə çıxandan sonra da gecə gəlib, onu əməliyyyata aparırdılar. Cavan vaxtı heç də peşəkar olmaq olmur. Nə qədər çox çalışsan, iş görsən, o qədər də peşəkar olacaqsan.

- Son günlərdə sizi mətbuat yaman tənqid edir. Bunu necə qarşılayırsız?

- Hər kəsin öz fikri var. Biz həmişə təmiz tənqidi qəbul etmişik. Amma bəzi "Beydullayevlər" bizə qarşı anti kompaniya aparır, anti cəbhə yaradıblar. Mən həmişə övladlarıma demişəm, ən yaxşı ölkədə yaşayırıq. Bu ölkənin bayrağı Faransada - Lansda dalğalananda mən bundan qürur duyuram. Bunları gedib orada görmək lazımdır. Avropa çempionatının bəzi oyunları "Lans"da keçiriləcək və Azərbaycanın bayrağı da orada dalğalanacaq. Fransa isə Azərbaycana dost ölkədir və bu dostluq daha da güclənməlidir. Fransada, İspaniyada gördüyümüz işlərə görə heç kim mənə təşəkkür etmir, hamısı Azərbaycana "çox sağol" deyir. "Lans" və "Atletiko"da bütün azarkeşlər deyir ki "Land of Fire Azerbaijan" onlara düşüb. Onlar "Azərbaycan" deyirlər də... Buna paxıllıq etmək lazımdır, yoxsa sevinmək? Latın Amerikasının, demək olar hamısı ispan dillidir. İndi "Atletiko"ya görə onlar Azərbaycanı tanıyır. Pis etmişik? Hərənin bir fikri ola bilər. Mən Heydər Əliyevçiyəm. Əqidəsi düz olanların fikrinə hörmətlə yanaşıram. Mən belə əqidəsiz insanların tənqidinə fikir vermirəm, çünki bu, tənqid deyil. Onlar xalqın düşmənidir. Ölkə adına bu qədər iş görəsən, amma şər-böhtan atalar, olmaz axı. Mən bir çox jurnalistlərin tənqidi fikirlərini oxuyuram, hörmətlə yanaşıram, düz olanını da qəbul edirəm. Bizim Avropa və dünyada işimizə qiymət verən xarici təşkilatlar var. Onlar da hamsı təsdiqləyir ki, bizim "Lans"a, "Atletiko"ya xərclədiyimiz pullarda çirkli nə isə yoxdur, öz pulumuzu xərcləyirik. Heç kimin ixtiyarı çatmır ki, bizə nə isə desin. Mənim yerimə kim olsa, onları məhkəyə verərdi, amma baş qoşmuram. Yazırlar ki, 20 cangüdənlə gəzirəm (gülür). Mənim cangüdənlərim yoxdur, yanımda olan insanlar ən yaxın dostlarımdır. Bir qədər ağır hərəkət edən insanam. Buna görə həmişə yanımda olurlar, mənə kömək edirlər. Demişəm ki, gəlsinlər filan şəhərlərə, görsünlər orada neçə nəfərlə gəzirəm. Mən fransızları da bura dəvət etmişdim ki, gəlib inkişafı öz gözləri ilə görsünlər. Avroviziya öncəsi Fransa mətbuatında yazmışdılar ki, Bakıya getməyin, adamları öldürürlər. Mənim dostum olan fransız iş adamı isə Bakıdan onlara zəng vurmuşdu ki, səhər saat beşdir, bulvardayam. Heç kim də məni öldürmür. Çox əsəbləşmişdi. O, gəlib buradakı vəziyyəti özü görmüşdü. O da Fransada olsaydı, yazılanları oxuyub elə düşünəcəkdi. Falkao kimi futbolçu Bakıdan gedəndə bildirdi ki, xanımını götürüb bura istirahətə gələcək.

Azərbaycan xalqı bircə günə "Qarabağ"ı geri qaytarar. Bu xalqın qeyrətli, vətənpərvər övladları saysızdır. Heç kim istəməz ki, ana və bacılar gözü yaşlı qalsın, ata və qardaşlar şəhid olsun. Amma böyük oyunlar var. Bəzi böyük dövlətlər buna imkan vermir. İndi bu ölkələrlə yaxın münasibət qurmaq lazımdır. Bunlar da bir günə, bir aya, bir ilə həll olunacaq işlər deyil. İndi o Xədicə, "Beydulla" gəlsin görüm, onların dədə-babası biz gördüyümüz işlərin hansını görüblər? Gəlsinlər, desinlər hansısa azərbaycanlıya yaxşılıq ediblər? Tam səmimi deyirəm, məsləhət görürəm, sizlər də bunların yazdığına fikir verməyəsiz. Fransada oxucu yazılan milyon yaxşı məqama yox, bir neqativ hala diqqət yetirir.

Mən heç kimə ev, mülkiyyət göstərməmişəm. Əl yumaq üçün yer istəyir, onalara yolu göstərirəm, ama məni arxadan gizli kamera ilə çəkirlər. Kim nə qazanırsa, bunu daxildə də, xaricdə də yoxlayırlar. İndi biz xaricdə çox rahat şəkildə fəaliyyət göstəririrk. Çünki çirkli işlə məşğul deyilik. Bu şirkət nə etdiyini çox yaxşı bilir. Əgər onların futboldan çəkmək fikirləri olsaydı, həmin an yanımda olan "Atletiko"nun rəsmisi Emilyonu da çəkərdilər ki, İspaniya klubunun nümayəndəsi də buradadır. Emilyo "Atletiko" rəsmisidir və İspaniyada bir nömrəli marketinq adamıdır. Məni elə göstərirlər ki, elə bil "Kurtlar Vadisi" çəkilir. Sonda isə deyir ki, bu adam atasının yox, ölkəsinin adını reklam edir. Ermənipərəst fransız bunu deyir, amma bəzi bizimkilər heç bunu da demirlər. Bilirdim ki, o çəkiliş belə olacaq və bilə-bilə buna razı oldum. Amma gizli çəkilişləri nəzərə almamışdım.

Zaman, vaxt hamı üçün önəmlidir. İnsan ən çox saata baxır. Mən fransalı jurnalistə pis nə isə yox, saat hədiyyə etdim. Bununla bir növ xalqımın qonaqpərvərliyini göstərmək istədim. Amma başqa yerə yozdular. Mən məgər bilmirəm ki, kamera önündə insan özünü necə aparmalıdır, içkini necə içməlidir? Mənə dedilər ki, hələ çəkiliş yoxdur, sadəcə söhbət edirlər. Amma gizlincə çəkiblər hamısını. Orada əsas çəkilişdən heç nə vermirlər. Mən o çəkilişdə onlara çox yaxşı başa salmışdım ki, Azərbaycan necə ölkədir, erməni necədir. Yenə deyirəm, tənqidi qəbul edirəm, amma təhqiri yox.

- İcraiyyə Komitəsinin son iclası barədə ümumi olaraq nələr düşünürsüz?

- Biz orada Şahin Diniyevi də, Qurban Qurbanovu da, millidə işləyə biləcək digər məşqçiləri də müzakirə etdik. AFFA uşaq futbolu barədə çox yaxşı qərarlar qəbul etdi. Bir daha şahidi oldum ki, AFFA Azərbaycan futboluna can yandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə