Hafiz Məmmədov: “Bakı”da ispan modeli olmalıdır" MÜSAHİBƏ

Hafiz Məmmədov: “Bakı”da ispan modeli olmalıdır" MÜSAHİBƏ

"Bakı" klubunun prezidenti Hafiz Məmmədov jurnalistlərə müsahibə verib. Siasport.az saytı Stadium.az-a istinadən müsahibəni təqdim edir:

- Hafiz müəllim, əvvəlcə "Bakı"nın "Qarabağ"ı məğlub etməsi barədə fikirlərinizi öyrənmək istərdik...

- Bu gün "Bakı"nın qələbə qazanacağına inanırdım. Ümumiyyətlə, komandama inanıram. Məşqçini də tələsdirmək olmaz. Buna baxmayaraq, liderdən də çox uzaq düşmək lazım deyil. Bu, hələ Pantiçin komandası deyil. O, öz komandasını yaradandan sonra, onun futbolunu görəcəyik. Düzünü deyim ki, oyunun ilk yarısına baxdım. İlk yarı başa çatandan sonra maşına minib stadiona gəldim. Hesab artıq 2:1 idi. Mən yolda olanda qollar vurulmuşdu.

- Bəs komandanın ümumi vəziyyəti, çıxışı, əldə etdiyi nəticələr sizi qane edir?

- Razıyam. Bir sıra futbolçularımızı bəzi insanlar bəyənmirdi. "Lans" bizdən bir neçə futbolçu bəyənmişdi - Kamran Ağayevi, Rauf Əliyevi, Əfran İsmayılovu və Cavid Hüseynovu. Onları buraxmadıq, indi isə öz sözlərini deyirlər. Bu iki komanda – "Lans" və "Atletiko" bizə kömək edəcək. "Lans" konkret olaraq Azərbaycan klubudur. "Atletiko"yla da əməkdaşlığımız istənilən səviyyədədir. Pantiçi də bura onun üçün gətirmişik. "Bakı"da ispan modeli olmalıdır. Bunun üçün isə işlər görülməkdədir. Komandaya bir menecer gətirəcəyik. Bu menecer də rəhbərliyə kömək edəcək.

- "Lans" və ya "Atletiko"dan "Bakı"ya hansısa futbolçuların keçidi gözlənilir?

- "Lans"da bizim görüşümüz oldu. İnanın 3-4 futbolçu özü dedi ki, "Bakı"ya gəlmək istəyirlər. "Bakı"ya ulduz futbolçunun gətirilməsi planda yoxdur. Çünki ulduz futbolçu gəlib burada kimlə oynayacaq?! Səviyyəli argentinalı oyunçu Fransada 400 minə oynamağa razıdır, amma bura bir milyona gəlmir. Çünki Fransada yaşayır, orda oynayacaq. Mən "Lans"da futbolçuların qazancına baxıram, 200-300 min avro qazanırlar. "Bakı"dakı oyunçular onlardan çox qazanır.

- Hazırda Azərbaycanda alman modeli tətbiq edilməkdədir. Siz konkret ispan modelinə üstünlük verəcəksiz?

- Alman modeli yoxdur axı, sadəcə metodika var. Azərbaycanda alman modelini tətbiq etmək üçün, futbolçular gedib orda yaşamalıdır, orda oynamalıdır. Biz indi idarə heyətini yaradırıq. Bu iş bir qədər vaxt aparan məsələdir, çünki tələsmək olmaz. Yalnız onu deyə bilərəm ki, Papen idarə heyətində olacaq və ispan mütəxəssis də burda yer alacaq.

- Fransa mətbuatı sizdən müsahibə almışdı və tənqid hədəfiniə çevirmişdi. Buna münasibətniz necə oldu?

- Məsələn nə?

- Konkret olaraq "Canal+" sizi tənqid hədəfi seçmişdi...

- Bunu xalq etmir ki... Əsas məsələ odur ki, Lansda hamı bizi sevir. Bu kanal məni anonsa çıxartmışdı ki, kimdir bu adam (gülür). Onların etdikləri boş şeylərdir. Belə məqamlara fikir verməyin.

- Sizcə niyə belə etdilər, bunun arxasında nə dayanır?

- Təbii ki, erməni lobbisi. Bu, fransızın işi deyildi. Onlar bura konkret olaraq məni hədəf alaraq gəlmişdilər. Hətta müsahibədən öncə mənə Fransadan bildirmişdilər ki, belə də olacaq. Mən burda olmadığımdan, həmin jurnalistlər 8 gün Bakıda qalmışdılar. Bizim uşaqlar isə onların qulluğunda yaxşı durublar. Sizi inandırım, bu məqam hələ onları bir qədər yumşaltmışdı, yoxsa daha çox böhtan atacaqdılar. Daha da sərt yazmalıydılar. Sifarişləri belə idi. Bir adamlar ki, evimdə məni gizlincə kameraya çəksinlər, daha onlardan nə gözləyəsən. Hələ müsahibəyə keçməmişdən əvvəl onlarla söhbət edirdik, kameranı qoyubar yerə, sən demə elə yerdən çəkirmişlər. Elə belə evdə gəzişirik, əllərində də kamera yoxdur, amma verlişdə bunları da verirlər. Düyməli kameradan istifadə ediblər. Onlarla müsahibədən əvvəl xoş niyyətlə bir çox məsələlərdən danışdıq, amma bunlar efirə başqa şey verir.

- Onların bu verilişindən sonra Azərbaycanda da bəzi qüvvələr bundan istifadə edib, sizi tənqid etməyə başladılar...

- Mən də məhz bu insanları başa düşə bilmirəm. Onlar erməninin istəyiylə belə edir, bəs bunlara nə olub, anlamaq olmur...

- Siz AFFA İcraiyyə Komitəsinin üzvüsüz. Milli komandada baş məşqçi Berti Foqtsun qalmasını istəyirsiz?

- Məncə qalmalıdır. Bilirəm, alınmır, yaxşı işləmir, amma futbolçular dəyişməlidir.

- Sanki AFFA rəhbərliyindən sizə qarşı soyuq münasibət də var. Çünki tədbirlərinizə yüskək vəzifəli şəxsləri qatılmır...

- Yox, mən elə düşünmürəm, sadəcə mənə arxayındırlar. Rövnəq Abdullayev çox yaxşı insandır. Bizlər bir-birimizə çox yaxın və bələd insanlarıq. Mənim AFFA ilə nə işim var axı, mənə klublar lazımdır. İndi 100 gənc futbolçunu "Lans"a, 100 gənci də "Atletiko"ya yollamalıyıq, amma tapa bilmirik.

Bütün xəbərlər Facebook səhifəmizdə