Fariz Məmmədov Matias Pelkə qarşı

Fariz Məmmədov Matias Pelkə qarşı

Təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan "Qəbələ" İdman Klubu daha bir layihə reallaşdırmağa hazırlaşır. Siasport.az saytının məlumatına görə, ilk dəfə olaraq doğma məkanda "Qəbələ" və Türkiyənin "Fənərbaxça" boks komandalarını üz-üzə gətirən klub bu dəfə daha möhtəşəm boks matçına ev sahibliyi edəcək. Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda rinqə çıxacaq. Boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq. 12 raundluq döyüş "Eurosport" kanalı vasitəsi ilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq. Qarşılaşmaya qədər açıq məşqin, boksçuların iştirakı ilə mətbuat konfransının və çəki ölçmə mərasiminin keçirilməsi planlaşdırılır.

Açıq məşq dekabrın 9-da Bakıda "Park Bulvar" Əyləncə və İstirahət Mərkəzində keçiriləcək. Məşq saat 19:00-da start götürəcək.

Fariz Məmmədov və Matias Pelkin iştirakı ilə baş tutacaq mətbuat konfransı Bakıda "Qafqaz Point" Otelində təşkil olunacaq. Konfrans dekabrın 10-da, saat 12:00-da başlayacaq.

Çəki ölçmə mərasimi isə Qəbələdə "Qafqaz Sport" otelində keçiriləcək. Dekabrın 13-ü təşkil olunması planlaşdırılan tədbir saat 12:00-da start götürəcək.

Döyüş dekabrın 14-ü, saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq. Qarşılaşma "Eurosport" və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə