Şəhriyar Məmmədyarov: "Qitədə bizdən başqa bu nəticə ilə heç bir komanda öyünə bilməz" MÜSAHİBƏ

Şəhriyar Məmmədyarov: "Qitədə bizdən başqa bu nəticə ilə heç bir komanda öyünə bilməz" MÜSAHİBƏ

İkinci dəfə Avropa çempionu olmuş şahmat üzrə Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarovun Siasport.az saytına müsahibəsi:

- Şəhriyar, yarışdan öncə Avropa çempionu olacağınızı düşünürdünüz?

- Çempionatdan öncə biz favoritlər sırasında deyildik. Bu, başa düşüləndir. Çünki Avropa çempionatında reytinqə görə komandamız 6-cı yerdə idi. Buna görə qızıl medala ümidimiz yox idi. Komandamız hətta 5-ci yer tutsa idi, normal sayılacaqdı.

Startda heç-heçə oynadıq. Daha sonra komanda olaraq mübarizəyə başladıq, komanda oyunu göstərdik. Şahmatçılarımız hamısı öz lövhəsində maksimum oynağa çalışdılar. Lazım olanda heç-heçəyə, lazım olanda qələbəyə oynadıq. Komanda kimi vahid bir hədəfə çatmaq üçün mübarizə apardıq. Həlledici məqamlar 8, 9-cu turlar idi ki, 8-ci turda qələbə qazandıq, 9-cu turda isə Ermənistan yığması ilə heç-heçə etdik.

Yarışda məğlubiyyət yaşamadıq, 5 turda qələbə qazandıq, 4 turda heç-heçə oynadıq.

- 9-cu turda Ermənistan yığması ilə qarşılaşdınız. Bu oyunlar barədə fikirlərinizi bilmək istərdik.

- Ermənistanla oyunlar zamanı paralel görüşlərdə Rusiya komandası da oynayırdı. Rusiya üçün də qələbə vacib idi. Öz oyunlarımız zamanı o görüşləri də izləyirdik. Ermənistanla oyunlarda qələbə şanslarımız da var idi. Fransa ilə görüşlərdə Rusiyanın qələbə qazandığını gördük, buna görə risk etməyərək, Ermənistanla heç-heçə oynadıq. Çünki heç-heçə də bizə çempionluq gətirirdi, riskə getməyə ehtiyac yox idi. Lazım gəlsəydi, biz Ermənistanla qələbəyə oynayıb, qalib gələ bilərdik.

- Komandanın kapitanı barədə də fikirləriniz maraqlıdır.

- Aleksandr Xalifman ayrı-ayrı illərdə bizimlə fərdi qaydada işləyib. İndi o, komandanın kapitanı idi. A.Xalifman çox vacib və düzgün qərarlar qəbul etdi. Şahmatçılarımıza debütdə çox vacib köməklər göstərdi. O, kapitanlıqla yanaşı, məşqçilik də edirdi. Uğurumuzda onun da rolu var. A.Xalifmana da təşəkkürlər düşür.

- Son 4 Avropa çempionatında komandamız medalsız qalmayıb...

- Bu çempionluq çox əhmiyyətli qələbədir. Əlamətdar bir statistika üzə çıxır. Azərbaycan yığması 4 Avropa çempionatında bir qayda olaraq medal qazanır. Bu, bizim çox uğurlu statistikamızdır. Qitədə bizdən başqa bu nəticə ilə heç bir komanda öyünə bilməz.

- Qarşıdan gələn dünya çempionatında hədəflərinizi bilmək istərdik.

- Bu qızıl medal bizi artıq daha da irəli getməyi düşündürür. Biz dünya çempionatında və şahmat olimpiadasında medallar uğrunda mübarizə aparacağıq və iddiamızı göstərəcəyik.

Ölkəmizdə şahmatın inkişafına, Azərbaycan milli komandasına göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına minnətdarlığımı bildirirəm. Azərbaycanda şahmat təkcə paytaxtda deyil, bütün regionlarımızda sürətlə inkişaf edir.

Bu qələbəni Azərbaycan xalqına və Vüqar Həşimova həsr edirik. Vüqar 2009-cu ildə yanımızda idi. Biz onda da Avropa çempionu olmuşduq. Hazırda Vüqarın səhhətində müəyyən problemlər olduğundan o, komandamızda yer almamışdı. Biz onu unutmuruq, o da bizim komandanın üzvüdür, dostumuzdur.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə