MOK və KİVDF-nin birgə konfransı keçirilib YENİLƏNİB

MOK və KİVDF-nin birgə konfransı keçirilib YENİLƏNİB

Bu gün Milli Olimpiya Komitəsi ilə (MOK) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi konfrans keçirilib. Siasport.az saytının məlumatına görə, konfransda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MOK-un I vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qrumlarının baş redaktorları, tanınmış idmançılar, digər rəsmi şəxslər və jurnalistlər iştirak ediblər. MOK-da təşkil olunmuş konfransı ilk olaraq Ç.Hüseynzadə açıb və tədbir iştirakçılarını salamlayıb. Sonra V.Səfərli çıxış edərək konfransın gündəliyi barədə məlumat verib. O, KİVDF-nin MOK və media baş redaktorları ilə görüşünü çoxdan planlaşdırdıqlarını bildirib. V.Səfərli bu məqsədlə yazı müsabiqəsinin təşkil olunduğunu, müsabiqəyə 27 yazının daxil olduğunu qeyd edib. KİVDF-nin icraçı direktoru yazıları yoxlamaq üçün MOK tərəfindən ekspertlər seçildiyini vurğulayıb.

"Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövsusunda çıxışlar dinlənilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov media ilə idmançıların əməkdaşlığının önəmliliyindən danışıb. O, Azərbaycanda idmanın inkişafından söz açıb.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək idmançıların ölkəmiz üçün millət vəkilləri və siyasətçilər qədər önəmli olduqlarını və Azərbaycanın dünyada tanınması üçün onların çox böyük işlər gördüklərini qeyd edib. B.Quliyev medianın idmançıların həyatını daha çox işıqlandırmalı olduğunu, onların nümunəvi həyatının cəmiyyətimizin gənc nəsli üçün örnək olduğunu bildirib. O, idman federasiyalarının mətbuat xidmətinin işçilərinin peşəkar olmağının önəmliliyini önə çəkib və federasiyalarla, idmançılarla daha yaxından əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Sonra isə digər media rəhbərləri, rəsmilər və idmançılar çıxış ediblər. Çıxışlardan sonra Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər" mövzusunda birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi başlayıb. Müsabiqənin ekspertlərindən olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digərləri yazılar barədə danışıb, onları dəyərləndiriblər.

Sonda qaliblər mükafatlandırılıblar. Birinci yerə "Mövqe" qəzetinin müxbiri Mübariz Bayramov, ikinci yerə "İdmançı" qəzetinin baş redaktoru Dilqəm Quliyev, üçüncü yerə isə "Olimpiya Dünyası" qəzetinin əməkdaşı Anar Əhmədov layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə