Topaz Premyer Liqasının 13-cü turunda "Xəzər Lənkəran" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Çətin oyun oldu. Bu cür hava şəraitinə uyğun olaraq meydanda mübarizə çox oldu. Rəqiblərdən heç biri güzəştə getmədi. Əsasən güc futbolu izlədik. Oyunda iki futbolçumuzu zədə səbəbindən itirdik Fikrimcə, ciddi zədələri var. Bu şəraitə görə nəticəni qənaətbəxş hesab edirəm. Oyun boyu müdafiədə oynamırdıq. "Xəzər Lənkəran"ın hər hücumuna əks-hücumla cavab verirdik. Daha çox uzun ötürmələrdən istifadə edirdik. Bəzi hallarda hücumçular - nə Kamanan, nə də Mendi topu saxlaya bilmirdilər. Subotiç bacardığı qədər oynayırdı, Ebesilio oyuna yüksək hərarətlə çıxmışdı, ona görə ancaq bir hissə oynadı. Sadiq Quliyevin effektli oynaması ilə razıyam, öz mövqeyində yaxşı idi. Oyuna baxanda, qol vurmaq üçün yaxşı şanslarımız var idi. Bütün əvəzetmələrdən istifadə etdiyimiz üçün Ürfan Abbasovun zədələnməsindən sonra oyunun son dəqiqələrini 10 nəfərlə başa vurduq. Riskə getdik, heç-heçəni qoruduq. Meydançanın vəziyyəti baxımlı oyun üçün əlverişli deyildi".
Con Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Meydanda ən yaxşı biz idik, oyuna nəzarət bizdə idi. Təəssüf ki, yenə də qol imkalarından istifadə edə bilmirik. Bu, bizim üçün baş ağrısına çevrilir. Sakkoninin əvəzlənməsinə şərh vermək istəmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB