Noyabrın 19-da bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışlarda senyorkalardan, həmçinin 1998-2000-ci il təvəllüdlü idmançılardan ibarət 17 gimnast iştirak edəcək. Gimnastlar həm mütləq çoxnövçülük üzrə, həm də ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, son beş ildə ölkənin dəyişməz çempionu Aliyə Qarayeva olub. London Olimpiadasından sonra o, böyük idmanı tərk edib. İndi yeni titul və qızıl medal uğrunda mübarizə aparan əsas iddiaçılar Marina Durunda və keçən il bu növ yarışların gümüş mükafatına layiq görülmüş Lalə Yusifova hesab edilir.
Çempionatda Respublika Kompleks İdman Məktəbinin və "Baku Fleyms" klubunun gimnastları ilə yanaşı, "Neftçi" klubunun, Bakı Gimnastika məktəbinin, "Spartak" və "Sərhədçi" klublarının nümayəndələri də çıxış edəcəklər.
Qeyd edək ki, çempionat iki il bundan əvvəl olduğu kimi yenə də paytaxtdan kənarda keçiriləcək. Bu dəfə yeni çempionların adları İsmayıllı Olimpiya İdman Kompleksində səsləndiriləcək.
Yarış ən yaxşı gimnastların qala-konserti ilə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB