Nazim Süleymanov: "Ümid edirəm ki, fəaliyyətim uğurlu alınacaq"

Nazim Süleymanov: "Ümid edirəm ki, fəaliyyətim uğurlu alınacaq"

"Neftçi" klubuna baş məşqçi təyin olunmuş Nazim Süleymanov yeni işi barədə danışıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi klubda gələcək işləri haqda açıqlama verib: "Başqa dəvətlər də var idi. Amma "Neftçi" ilə anlaşdım. Buna görə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm. Ümid edirəm ki, fəaliyyətim uğurlu alınacaq.

"Neftçi"də yerli məşqçilər var idi. Yerli və gənc məşqçilərin işləməsini arzulayırdım. Çünki yerli məşqçilərin nə çəkdiyini bilirəm. Superkubok oyunundan sonra mənə dəvət gəldi. Əvvəlcə AFFA rəhbərliyi ilə görüşdüm və onlar mənim gedişimə mane olmadılar. Bundan sonra "Neftçi" rəhbərliyi ilə görüşdüm, razılığa gəldim.

"Neftçi"də minimum hədəfimiz yenidən çempion olmaq və Avroliqanın qrup mərhələsində oynamaqdır. Təbii ki, Çempionlar Liqasında oynamaq istərdik. Lakin bunun üçün ilk öncə ölkə çempionu olmalıyıq. Ona görə işləmək lazımdır. Əgər Çempionlar Liqasında oynamaq istəyiriksə, bütün futbolçular meydanda maksimum güclərini qoymalıdırlar.

"Neftçi" hər zaman mənə doğma klub olub. Üç il ardıcıl çempion olmuş və Avroliqada oynamış bir klubda işləmək böyük məsuliyyət tələb edir. İstəyirəm ki, komandam daha çox hücum etsin və daha çox qol vursun. Bunun üçün də işləmək lazımdır. "Neftçi"dən istefa verən 3 məşqçiyə də uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə