"Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak bu gün keçirilən səhər məşqindən sonra açıqlama verib. Siasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Azərbaycan Superkubokunun keçirildiyi Naxçıvan Muxtar Respublikasında olduğu üç gün müddətinin təəssüratından və qarşıdakı "Qarabağ" klubu ilə Premyer Liqa oyununa hazırlıqdan danışıb: "İlk olaraq deyim ki, Naxçıvanda yerləşdiyimiz otel, otelin personalı bizə qarşı çox qonaqpərvər davrandılar. Təhlükəsizliyimiz üçün lazım olan bütün diqqət alqışa layiq idi və elə polislər də nümunəvi davranışları ilə yadda qaldılar. Çox təmiz havası olan Naxçıvanda hər tərəfdən əhatə olunmuş dağlar da şəhər mərkəzinə əlavə gözəllik verirdi. Xüsusən bir rəngdə olan taksilər və sürücülərin uniformada olması diqqətimi çəkdi. Maraqlanıb biləndə ki, taksilər yerli istehsaldır, yadıma FİAT-ın İtaliyada yayılması düşdü. Bundan əlavə, küçələrdə şütüyən avtomobillər çox təmiz idi. Məncə, Avropada Naxçıvan haqqında geniş məlumatları yoxdur. Hamı Bakı, Bakı deyir, amma belə bir gözəl məkan da varmış. Ən çox da bizi matç ərzində dəstəkləyən naxçıvanlı azarkeşlərə minnətdaram. Görünür, "Xəzər Lənkəran"ın hər yerdə sadiq azarkeşləri var. Bir sözlə, Naxçıvan məndə inanılmaz xoş təəssürat yaratdı. Qarşıda isə "Qarabağ"la çox çətin oyunumuz var. Hər zaman kubok qazanmaq gözəl hiss yaradır. Amma artıq çempionatı düşünməliyik. Bildiyiniz kimi, biz burada olmadığımız müddətdə Lənkəranda ardıcıl yağışlar yağıb. İndi məşq keçmək üçün elə proqram tərtib edirik ki, əsas və ehtiyat meydançalarımız korlanmasın. Ümumiyyətlə, Lənkərana tez-tez yağış yağdığından əlavə süni qazonu olan meydana ehtiyac yaranır. Bu problemi həll edəcəyik. Azarkeşlərimizi sevindirmişik və inanıram ki, onlar "Qarabağ"la oyunda tribunaları dolduracaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB