Nurəddin Quliyev: “Ölkəmizdə karete-do idman növünə maraq yüksəkdir”

Nurəddin Quliyev: “Ölkəmizdə karete-do idman növünə maraq yüksəkdir”

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız ölkəmizi yerli və beynəlxalq yarışlarda layiqincə təmsil edir, bayrağımızı dalğalandırır və himnimizi səsləndirirlər. İstər olimpiya, istərsə qeyri-olimpiya növü olmasından asılı olmayaraq bütün idman növlərinə ölkə rəhbərliyi tərəfindən böyük qayğı və diqqət göstərilir. Uşaqların və gənclərin sağlam həyat tərzində yaşamaları, onların idmanla məşğul olmaları üçün ölkəmizdə hər bir şərait var. Fəaliyyət göstərən idman ocaqları, klub və federasiyalar bu inkişafa xidmət edir və gənc nəslin sağlam yetişməsində böyük rol oynayırlar.

Siasport.az saytının məlumatına görə, belə federasiyalardan biri də Azərbaycan Karete-do Federasiyasıdır. Federasiyanın tərkibində fəaliyyət göstərən klublarda uşaq və yeniyetmələr karetenin sirlərini öyrənir, bu idman növü ilə böyük həvəslə məşğul olurlar.

Federasiyanın fəaliyyəti və buradakı ümümi vəziyyətlə tanış olmaq üçün qurumun prezidenti Nurəddin Quliyevlə görüşüb, söhbət edik. O, federasiyanın yaranması, buradakı ümumi vəziyyətlə bağlı sullarımızı cavablandırdı: "1993-cü ildə klub kimi fəaliyyətə başlamışıq. 1995-ci ildən isə Azərbaycan Karete-do Federasiyası yaradılıb. Bu ay fəaliyyətimizin 20 ili tamam olur. Ölkəmizdə karete-do idman növünə maraq yüksəkdir. Bu, elə bir idmandır ki, bu idmana bütün dünyada maraq göstərirlər. Hətta döyüş filmlərində də kareteyə böyük yer verilir. Belə filmlərdən həvəslənib idmanla məşğul olmağa başlayan yüzlərlə idmançılar var.

İllər əvvəl fəaliyyətə başlayan ilk karete-do klubu "Şərq təkbətək döyüş növəri klubu" adlanırdı. Klublarımızda karetenin bu növünə maraq göstərənlərlə təcrübəli məşqçilər məşğul olurlar. İdmançılarımız illərdir ki, yerli və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Dünyanın bir çox ölkələrində Vətənimizi təmsil etmişik. Almaniya, İtaliya, Türkmənistan, Moskva, Portuqaliya, Vyana, Braziliya, Yaponiya, Kanada, Hindistanda keçirilən yarışlarda Vətənə medallarla, diplomlarla qayıtmışıq. Sevindirici haldır ki, dünya, Avopa cempionatlarında idmançılarımız layiqli yerlər tutublar. Onlar arasında dəfələrlə qızıl, gümüş və bürünc medal qazanan idmançılarımız olub. Bizim idmançılar yarışlarda dünyanın ən güclü idmançıları ilə üz-üzə gəliblər və onlara qalib gəlməyi bacarıblar."

Federasiya prezidenti bildirdi ki, təmsilçilərimiz onlara göstərilən inamı hər zaman doğruldublar: "Yarışlarda əlbəttə ki, yaddaqalan anlar, xatirələr çox olur. Hindistanın Dehli şəhərində keçirilən çempionat bu baxımdan olduqca yaddaqalan olub. Şəhərin tanınmış simaları və sənət adamları yarışın yüksək səviyyədə keçməsini təşkil ediblər".

"Beynəlxalq arenalarda Azərbaycanımızın bayrağını dalğalandırmaq ən başlıca vəzifəmizdir"

Federasiya rəhbərinin sözlərinə görə, həmin çempionatda idmançılarımız yüksək nəticələr əldə edib, ölkəmizə medalarla qayıdıblar: "Beynəlxalq arenalarda Azərbaycanımızın bayrağını dalğalandırmaq ən başlıca vəzifəmizdir. Federasiyamızın məqsədi ölkəmizə sağlam nəslin inkişafına xidmət etmək və Azərbaycanımızı layiqincə təmsil etməkdir. Hazırda federasiyanın 30-dan çox klubu var. Bu klublar ölkəmizin müxtəlif bölgələrində və paytaxtımızda fəaliyyət göstərirlər. Klublarımızda bacarıqlı məşqçilər idmançılara karetenin sirlərini öyrədirlər. Hazırda 10 mindən çox idmançı bu idman növü ilə məşğul olur. Bu say gündən-günə artmaqdadır. Uşaq və gənclərin idmana, kareteyə olan marağı olduqca çoxdur".

"Uşaqlar hansı yaş dövründən karete ilə məşğul ola bilərlər?" sualına isə federasiya rəhbəri belə cavab verdi: "Əsasən, uşaqlar 6-7 yaşından karete ilə məşğul olmağa başlayırlar. Bu yaş dövründə idmana başlayan uşaqlarda vərdiş, qavramaq xüsusiyyətləri daha çox olur. Bəzi hallarda gənclər idmanla məşğul olmağa çox gec başlayırlar. Bu da onların karyeralarına mənfi təsir edir".

N. Quliyev klublarda fəaliyyət göstərən müəllimlərin əməyini xüsusi vurğuladı. O qeyd etdi ki, bacarıqlı məşqçilərin sayəsində uşaqlar idmanın sirlərinə yiyələnir, idmana böyük maraq göstərirlər. "Məşqçilərimiz bütün yaş dövrlərinə aid olan uşaqlarla məşğul olurlar. Onlar uşaqların psixologiyasını, onlarla davranmaq qaydalarını çox yaxşı bilirlər. Əsas odur ki, idmançı yaxşı fiziki hazırlığa sahib olsun. Hər bir idmançının özünəməxsus xüsusiyyətləri var. Bu, əsasən onun sahib olduğu yaşa, çəkiyə və bacarığa görə dəyişir. İdmançı məşq etdiyi bir saat yarım müddətdə məşqçinin verdiyi tapşırığa əsasən məşq edir", - deyə federasiya rəhbəri əlavə etdi.

O, qızların bu idman növünə olan marağı barədə isə bunları dilə gətirdi: "Qızlarımızın bu idman növünə olan marağı çoxdur. Bu maraq, əsasən bölgələrimizdə daha çox hiss olunur. 2008-ci ildə İtaliyanın Venesiya şəhərində keçirilən dünya çempionatında Beyləqan şəhər sakini Aytən Səmədli çempion adına layıq görüldü. Hazırda o, bizim məsləhətimizlə taekvondo ilə məşğul olur. Düşündük ki, Aytən bu sahədə özünü daha yaxşı göstərə bilər. Hazırda bu idmançı Azərbaycanı beynəlxalq yarışlarda təmsil edir. Ümumiyyətlə, federasiyamızın üstün cəhətlərindən biri də odur ki, perspektivli idmançıları başqa idman növləri ilə məşğul olmağa yönəldə bilirik. Bu isə ümumilikdə idmanın inkişafına xidmək etmək deməkdir. Hansısa bir idmançımız özünü başqa bir idman növündə sınamaq istəyirsə, biz buna qətiyyən etiraz etmirik".

"Federasiyamızın bacarıqlı idmançısı Tale Əkbərov Əməkdar məşqçi adına layiq görülüb"

Federasiya rəhbəri bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olimpiya və ya qeyri-olimpiya növündən asılı olmayaraq, bütün idman növlərini yüksək qiymətləndirir. "Hər bir federasiya rəhbərinin də borcudur ki, rəhbərlik etdiyi federasiyanın inkişafına çalışsın və bunun üçün əlindən gələni etsin", - deyə N.Quliyev əlavə etdi. O, federasiyada çalışan, ömrünü idmana həsr edən və yüksək nailiyyətlər qazanan idmançıların da daim qiymətləndirildiyini dedi: "Federasiyamızda bacarıqlı, peşəkar idmançılar çoxdur. Lakin onlar arasında federasiyanın vitse-prezidenti, peşəkar idmançı və gözəl insan olan Tale Əkbərovu xüsusi qeyd etmək lazımdır. O, 4 qat dünya və Avropa çempionudur. 5 qat dünya Kubokunun sahibi olan T.Əkbərov həm də 7-ci dan qara kəmər ustasıdır. Qeyd edim ki, federasiyamızın bacarıqlı idmançısı T.Əkbərov Əməkdar məşqçi adına layiq görülüb. İdmançımızın qazandığı nailiyyətlərdən və bizə göstərilən diqqətdən qürur duyuruq. Azərbaycanımızın bayrağını, himnimizi beynəlxalq arenalarda tanıdan idmançılar dövlətimiz tərəfindən daim diqqət mərkəzindədir. Bu isə idmanla məşğul olan gənc nəsli daha da həvəsləndirir."

Federasiya prezidenti onu da qeyd etdi ki, hazırda 40-a yaxın təcrübəli məşqçi klublarda böyük həvəslə gənclərə karetenin sirlərini öyrədirlər. "Federasiyamızda psixoloq fəaliyyət göstərir. İdmançıların fiziki hazırlığı ilə bərabər, onların psixoloji vəziyyətinə də diqqət göstərilir. İdmançılarda hər hansı bir pixoloji sarsıntı müşahidə olunarsa, bu hal diqqətdən kənarda qalmır", - deyə N.Quliyev bildirdi.

İdmana olan dövlət qayğısından bəhs edən N.Quliyev vurğuladı ki, ölkəmizin istər idman, istərsə başqa sahədə qazandığı bütün uğurlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin böyük səyi nəticəsində əldə olunur. O əlavə etdi ki, bu gün ölkəmizdə idman sürətlə inkişaf edir. Bu inkişafın təməlini ulu öndər Heydər Əliyev qoyub.

"Dünya standartlarına cavab verən komplekslər inkişafımızdan xəbər verir"

"Beynəlxalq yarışlarda, Olimpiya və paralimpiya oyunlarında idmançılarımız yüksək nəticələr əldə edir, Vətənimizə çoxlu medallarla qayıdırlar. Bu isə ölkəmizin beynəlxalq arenalarda tanınması deməkdir. Bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirmək bizim ən böyük fərəhimizdir. Ölkəmizdə müasir idman qurğuları, stadionlar tikilib, istifadəyə verilir. Dünya standartlarına cavab verən komplekslər inkişafımızdan xəbər verir", - deyə federasiya prezidenti qeyd etdi. O bildirdi ki, federasiyada ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan yarışlar da təşkil edilir. İdmançıların belə yarışlara böyük həvəslə hazırlaşdığını və iştirak etdiyini deyən N.Quliyev idmanın bundan sonra daha da inkişaf edəcəyini vurğuladı. O qeyd etdi ki, noyabr ayında federasiyanın idmançıları İtaliyada keçirilən dünya çempionatında iştirak edəcəklər. Bu yarışda da idmançıların uğur qazanacağına ümid bəslədiyini deyən N.Quliyev bundan sonra da idmanın, karetenin inkişafı üçün əlindən gələni edəcəyini bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə