Güləş yarışlarına yeni milli hakimlər cəlb olunub

Güləş yarışlarına yeni milli hakimlər cəlb olunub

10-13 oktyabrda keçirilən Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə Respublika seçim turnirinin final mərhələsi və 14-15 oktyabrda keçirilən "Hünər meydanı" Respublika seçim turnirində görüşlərin idarə olunmasında yeni milli hakimlər də iştirak edib. Siasport.az saytının məlumatına görə, görüşlərin idarə edilməsində iştirak edən yeni milli hakimlər üçün yarışdan öncə və yarış günlərində hakimlik kursu təşkil edilib. Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi tərəfindən keçirilən kursun məqsədi hakimliyə namizədlərin həvəsini, biliyini və təcrübəsini artırmaq, onların arasından seçim edib, milli və gələcəkdə beynəlxalq dərəcəli hakimliyə layiq olanları müəyyən etmək, gələcək yarışlarda iştirakını təmin etməkdir.

Olimpiya Güləş Mərkəzində baş tutan kursda iştirakçılara FİLA-nın yeni qaydaları nəzəri və praktiki formada izah olunub.

Kursda iştirak edən namizədlərdən Xəzər Allahverdiyev, Elgün Məmmədov, Xəyal Əliyev, Rövşən Quliyev, Bəşir İsazadə, Zaur Şərifov, Ceyhun Salmanov, Həbib Nurlu, Nizami Axundov və Kənan Novruzov milli hakimliyə layiq görülüb və onların gələcəkdə Respublika daxili yarışlarda milli hakim kimi fəaliyyətinə qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə