"Ay-ulduzlular"a fantastik mükafat!

"Ay-ulduzlular"a fantastik mükafat!

Bu axşam Estoniyada ciddi qarşılaşmaya çıxacaq futbol üzrə Türkiyə millisini, böyük pul mükafatı sürprizi gözləyir. Siasport.az saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyası, (TFF) 2014-cü il dünya çempionatının "pley-off" mərhələsinə vəsiqə qazanacağı halda, "ay ulduzlular"a böyük məbləğdə mükafat vəd edib. "Habertürk"ün yaydığı məlumatda deyilir ki, Federasiya rəsmiləri bu görüşlərdə iştirak edən oyunçulara 200 min TL, oynamayanlara isə 100 min TL mükafat söz verib. Lakin futbolçular indi pul haqda düşünmə zamanı olmadığını bildiriblər. Onlar Estoniya və Hollandiya ilə qarşılaşmalara köklənərək, 6 xal qazanmalarının vacibliyini bildiriblər: "Braziliya yolu açıldıqdan sonra hər şeyi müzakirə edərik". Qeyd edək ki, seçmə mərhələnin sonuna 2 tur qalmış Hollandiya yığması D qrupundan 1-ci yerin sahibi kimi dünya çempionatına vəsiqəni təmin edib. Macarıstan 14 xalla 2-ci, Türkiyə və Rumıniya 13 xalla 3-cü və 4-cü, Estoniya 7 xalla 5-ci, Andorra isə 0 xalla sonuncu pillədədir. Oktyabrın 11-də Hollandiya Macarıstanı, Estoniya Türkiyəni, Andorra Rumıniyanı qəbul edəcək. Oktyabrın 15-də isə Türkiyə - Hollandiya, Rumıniya – Estoniya və Macarıstan – Andorra matçları keçiriləcək. Qrupda 2-ci yeri tutacaq komanda digər qruplardan birində eyni yerin sahibi ilə "pley-off" oyunları keçirəcək. Qalib komanda Mundiala vəsiqəyə yiyələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə