Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş üzrə 6-cı beynəlxalq turnir başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışda ölkəmizi sərbəst güləş üzrə yığma komandamızın 6 üzvü təmsil edib. Güləşçilərimiz turniri 2 gümüş və 1 bürünc medalla başa vurub.
84 kq çəkidə mübarizə aparan İlya Xamikoyev finala qədər maneəsiz irəliləyib. Finalda iranlı Əlirza Kərimi ilə görüşdən məğlub ayrılan güləşçimiz gümüş medala sahib olub. Eyni çəkidə digər təmsilçimiz İbrahim Yusubov isə bürünc medal qazanıb.
Digər gümüş medalı yığmamıza Aslanbek Alborov qazandırıb. Finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici görüşdə Rusiya güləşçisi Şamil Əhmədova uduzub.
Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə qatılan Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq) və Aslan Dzebişov (120 kq) isə mükafatçılar sırasına düşə bilməyib.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB