Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçirilib

Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçirilib

Respublika Olimpiya İdman Liseyində (ROİL) Azərbaycanda Avropa Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun sədri Xəzər İsayev, məsul katibi Səhlət Abbasova, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, baş katibi Əjdər Cəfərov, Olimpiya çempionları Lyudmila Şubina, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Olimpiya mükafatçıları Vitali Rəhimov, Rövşən Bayramov, liseyin müəllimləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplantıda çıxış edən liseyin direktoru Rasim Muradov Azərbaycanda Avropa Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbirin bu təhsil ocağında keçirilməsinin təsadüfi olmadığını bildirib. O diqqətə çatdırıb ki, son illər Avropa, dünya və Olimpiya yarışlarında bayrağımızı ucaldan və dövlət himnimizin səsləndirilməsinə nail olan idmançıların əksəriyyəti məhz bu idman liseyinin yetirmələridir. Liseyin direktoru bildirib ki, 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibləri - yunan-Roma güləşçisi Kamandar Məcidov, qılıncoynadan Boris Koretski, 1992-ci ildə Barselonada keçirilmiş Yay Olimpiya Oyunlarının çempionları - cüdoçu Nazim Hüseynov, gimnast Valeri Belenki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının cüdo üzrə qalibi Elnur Məmmədl və digərləri bu liseyin yetirmələridir.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev məlumat verib ki, 1994-cü ildə İsveçrənin Sürix şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatı adlanan təşkilat yaradılıb. Təşkilatın əsas məqsədi idmanda və gündəlik həyatımızda ədalət prinsiplərini təbliğ etmək, idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrı-seçkiliyə yol verməmək, idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları obyektiv cəzalandırmaq, bir sözlə, ədalətin bərqərar olunmasına çalışmaqdır. Hazırda Avropa Ədalətli Oyunlar Hərəkatını 42 dövlət təmsil edir. Azərbaycan 1998-ci ildən Avropa Ədalətli Oyunlar Hərəkatının üzvüdür.
X.İsayev ədalətli oyun prinsiplərinin bərqərar olunması istiqamətində ölkəmizdə görülən işlərdən danışıb. O qeyd edib ki, bölgələrdə də Avropa Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbirlər keçiriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Ədalətli Oyunlar Komissiyasının məsul katibi Səhlət Abbasova, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Vüqar Əhmədov və başqaları ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət almasından bəhs ediblər.

Liseyin məzunu olan adlı-sanlı idmançılar isə onların yetişmələrində və uğurlar qazanmalarında əməyi olan müəllimlərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Azərbaycan Ədalətli Oyunlar Komissiyası tərəfindən ROİL-in məşqçi-müəllimlərinə, idman mütəxəssislərinə, idmançılara və fəxri qonaqlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə