Cəzaçəkmə müəssisəsində voleybol üzrə turnir keçirilib

Cəzaçəkmə müəssisəsində voleybol üzrə turnir keçirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnirin final mərhələsi keçirilib. Siasport.az saytının məlumatına görə, final oyununda "Şahin" komandası "Muğan"a 2:0 hesabı ilə qalib gəlib.

Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüqar Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.

Natiqlər çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb, turnir iştirakçılarına uğurlar arzuylayıblar. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə