"Bakı" növbəti tur qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda bu gün bir məşqlə kifayətlənib. Səhər saat 11.00-a təyin olunan hazırlıqda yüngül qaçış və isinmə hərəkətlərinə yer ayıran baş məşqçi Milinko Pantiç daha sonra yetirmələrinə toplu çalışmalar verib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıblar. Fiziki hazırlığa da diqqət ayıran Pantiç daha sonra düzülmüş maneələrdən sürətli keçid tapşırığı verib. Saat yarım davam edən məşq uzun ötürmələr və qapıya asmalarla başa çatıb.
Onu da qeyd edək ki, "zolaqlılar" bu görüşə itkilərlə çıxacaq. Hazırda zədə səbəbindən Deyvidas Çesnauskis və Elvin Əliyev kollektivdən ayrı çalışır. Mario Rubio isə son məşqdə ümumiyyətlə iştirak etməyib. Yüngül zədəsi olan yarımmüdafiəçi ambulator müayinədən keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB