"Simurq" "Şəfa"da hazırlıq keçir

"Simurq" "Şəfa"da hazırlıq keçir

Topaz Premyer Liqasının VIII turunda "Qəbələ"ni qonaq edəcək "Simurq" hazırlıqlara başlayıb. Siasport.az saytının məlumatına görə, iki günlük istirahətdən sonra "Şəfa" stadionunda məşqləri bərpa edən Zaqatala təmsilçisinin dünənki hazırlığı yüngül təmrinlərdən ibarət olub. Futbolçular İsinmə hərəkətlərindən sonra qruplara bölünərək "kvadrat" oynayıblar. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.

Bu gün üçün komandanın iki məşqi nəzərdə tutulub. Səhər hazırlığı Zaqatala təmsilçisinin məskunlaşdığı otelin fitness zalında baş tutub. Axşam çalışmaları isə "Şəfa" stadionunda olacaq.

Qeyd edək ki, "sarı-qaralar" "Qəbələ" ilə oyuna hazırlıqları tam heyətlə davam etdirir. 29.09.2013-cü il tarixində "Şəfa" stadionunda keçiriləcək oyunda yalnız "Qarabağ"la matçda qırmızı vərəqə alan Draqan Çeran forma geyinə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə