Medalların sayı 9-a çatdı

III İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan karateçiləri yarışlarda çıxışlarını uğurla başa vurublar. Siasport.az saytının məlumatına görə, yığmamız komanda yarışlarında qızıl medal qazanıb. İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finala vəsiqə qazanıb. Finalda rəqib güclü İran yığması olsa da karateçilərimiz əsl əzmkarlıq göstərib 3:1 hesabı ilə qələbə qazanıblar.

İlk döyüşdə Niyazi Əliyev özündən ağır və hündür olan rəqibə məğlub olsa da, sonrakı qarşılaşmalarda Asiman Qurbanlı, Rafael Ağayev və Şahin Atamovun inamlı qələbələri sayəsində komandamız İrana 3:1 hesabı ilə qalib gəlib. Buna görə də komandanın 5-ci üzvü Ayxan Mamayevin döyüşməsinə ehtiyac qalmayıb.

Ağırlıqqaldırma yarışlarında idmançımız Zülfüqar Süleymanov 62 kq çəki dərəcəsində yarışların bürünc medalını qazanıb. Zülfüqar birdən qaldırmada 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gəlib və ümumilikdə 278 kq nəticə ilə üçüncü olub.

Qeyd edək ki, Zülfüqar gələn ay Polşada keçiriləcək dünya çempionatında da yığma komandamızın heyətində olacaq.

Üzgüçülük yarışlarında 100 metr məsafərə batterflyay üsulla üzmədə Yevgeni Lazuka bürünc medal qazanıb. İdmançımız 55.05 saniyə nəticə ilə özünün 2-ci, komandamızın isə 9-cu medalına layiq görülüb.

Xatırladaq ki, Y.Lazuka 50 metr məsafəyə baterflyay üsulla üzmədə isə gümüş medal qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə