Naxçıvan təmsilçisi "Araz Naxçıvan" I divizionun ikinci turu çərçivəsində İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda Şəmkirin eyniadlı komandasını qəbul edib. Siasport.az saytının məlumatına görə, Ramil Diniyevin hakimliyi ilə keçirilən matç hər iki komandanın qarşılıqlı hücumları ilə başlayıb. 18-ci dəqiqədə "Araz Naxçıvan"ın yarımmüdafiəçisi Əlimirzə Daşzərini hesabı açmağa müvəffəq olub - 1:0. İlk hissədə Əlimirzənin qoluna şəmkirlilər tərəfindən cavab verilmədiyindən "Araz Naxçıvan" fasiləyə üstün durumda yollanıb. İkinci hissə başlayan kimi hücuma atılan naxçıvanlılar 59-ci dəqiqədə Bəxtiyar Soltanovun qolu sayəsində hesabı 2:0-a çatdırıblar. 71-ci dəqiqədə Bəxtiyar dublunu rəsmiləşdirib - 3:0. Matçın son dəqiqəsində naxçıvanlıların müdafiəsini yaran Nurlan İbrahimov hesab arasındakı fərqi ikiyə endirib. İki oyundan maksimum nəticə əldə edən "Araz Naxçıvan" turnir cədvəlində xal ehtiyatını 6-a çatdırıb və liderlər sırasında öz mövqeyini möhkəmlədib.
Qeyd edək ki, "Araz Naxçıvan" I divizionun üçüncü turunda növbəti rəqibi "Mil - Muğan" komandasına qarşı səfərdə oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB