Milli komandalar üçün təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib

Milli komandalar üçün təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib

Bu gün AFFA-nın Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasimdə UEFA prezidenti Mişel Platini, AFFA prezidenti Rövnəq Abdullayev, Azərbaycanın futbol ictimaiyyəti və jurnalisrtlər iştirak ediblər. Tədbirdə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev təlim-məşq bazasının UEFA-nın maliyyə vəsaiti hesabına tikiləcəyini qeyd edib və M.Platiniyə Azərbaycan futboluna göstərdiyi kömək üçün minnətdarlıq bildirib.

Daha sonra çıxış edən UEFA prezidenti Mişel Platini belə bir mərkəzin təməlqoyma mərasimində iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirib. O, daima milli assosiasiyalara dəstək olduqlarını qeyd edib: "Bizim üçün fərqi yoxdur. İstər böyük, istər kiçik assosiasiyalara fərq qoymuruq. 54 üzvün hamısına maliyyə dəstəyi ayırırıq". UEFA prezidenti ölkə başçısı İlham Əliyevlə görüşdüyünü qeyd edib. O, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. M.Platini Prezident İlham Əliyevin futbolu sevdiyini və Azərbaycanın dünya çempionu olmasını arzuladığını deyib.

Qonaq belə gözəl təlim-məşq bazasında istadadlı gənclərin inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra təməlqoyma mərasimi keçirilib və brifinq təşkil olunub.

Ardınca UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayev inşası davam edən Olimpiya Stadionuna gəliblər. Qonağa görülən işlər barədə məlumat verilib. UEFA prezidenti və AFFA prezidenti milli komandamızın formasını və futbol topunu imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə