Daha 3 boksçumuz növbəti mərhələdə

Daha 3 boksçumuz növbəti mərhələdə

Ukraynanın paytaxtı Kiyevdə keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyində Azərbaycan milli komandasının daha 4 üzvü rinqə çıxıb. Siasport.az saytının məlumatına görə, onlardan üçü öz döyüşlərini qələbə ilə başa vurublar.

60 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə danimarkalı Obaida İraqui üzərində qələbə qazanıb - 3:0 (29:27, 29:28, 29:28). Boksçumuz 1/8 finalda Moldova təmsilçisi Vladislav Tuqui ilə qarşılaşacaq.

Qüdrət Quliyev də (52 kq) dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü Puerto Riko idmançısı Edvin Qonzalesi mübarizədən kənarlaşdırıb. Üç hakimdən ikisi həmyerlimizin qələbəsini qeydə alıb - 29:28, 28:29, 30:27.Q.Quliyevin növbəti mərhələdəki rəqibi rumıniyalı Marian Ruta olacaq.

İsmayıl Hüseynov da (63 kq) dünya birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Gürcüstan nümayəndəsi Taras Kandelakini məğlub edib - 30:25, 30:27, 30:27. Azərbaycan boksçusunun 1/8 finaldakı rəqibi belaruslu Mixail Basiakov olub.

Rüfət Hüseynov isə (46 kq) dünya birinciliyindəki ikinci döyüşdə məğlubiyyətlə üzləşib. O, Ukrayna təmsilçisi Daniel Lapinə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə