Azad Rəhimov: "2013-cü ildə hələlik 70 qızıl, 86 gümüş və 96 bürünc medal əldə edilib"

Azad Rəhimov: "2013-cü ildə hələlik 70 qızıl, 86 gümüş və 96 bürünc medal əldə edilib"

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2013-cü ilin yanvar - avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda gənclər və idman naziri Azad Rəhimov ötən 8 ayın yekunlarına həsr olunmuş geniş məruzə ilə çıxış edib. Siasport.az saytı nazirin idmanla bağlı çıxışından maraqlı məqamları təqdim edir:

- İlin əvvəlindən indiyədək idman növləri üzrə yığma komandalarımız hər biri 12 gündən az olmayaraq 52 təlim-məşq toplanışlarında iştirak ediblər.

- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2013-cü il üçün təsdiq etdiyi tədbirlər planına əsasən, Respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 125 respublika yarışları təşkil edilib, 20 beynəlxalq yarış keçirilib, 158 beynəlxalq yarışlarda isə ölkə yığma komandalarımızın iştirakı təmin olunub.

- İdmançılarımız Rusiyanın Kazan şəhərində keçirilmiş 27-ci dünya Universiadasında uğurla çıxış ediblər, 4 qızıl, 5 gümüş, 7 bürünc olmaqla, ümumilikdə 16 medal qazanıblar və ümumi siyahıda 15-ci olublar. Bu, Azərbaycan idmançılarının universiadalar tarixində qazandığı ən böyük uğurdur. Gənc İdmançılarımız isə Hollandiyanın Ultrext şəhərində Olimpiya Festivalında çıxış edərək, Vətənə 2 qızıl, 1 bürünc medalla qayıdıblar.

Hazırda idmançılarmız sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyada keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına hazırlaşırlar. Azərbaycan bu oyunlara 130 nəfərlik nümayəndə heyəti ilə sentyabrın 20-də yollanacaq. Yəqin hər birimizin xəbəri var ki, 2017-ci ildə bu oyunların Bakıda keçiriləcəyi artıq təsdiqlənib.

- 2013-cü ildə Dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında hələlik 70 qızıl, 86 gümüş və 96 bürünc medal əldə edilib. İnanırıq ki, medalların sayı ilin sonuna 700-dən çox olacaq və ötənilki rekord təzələnəcək.

2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri davam edir. Bu il ilk dəfə cənab Prezidentin rəhbərliyi ilə, ikinci dəfə isə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat komitəsinin iclası keçirilib. Bundan başqa, Koordinasiya Komissiyasının da bir neçə dəfə iclası olub.

Hazırda I Avropa, IV İslam Oyunlarından başqa, bir sıra hazırlıq işləri gedir. 2015-ci ildə Şahmat üzrə dünya kuboku, 2016-cı ildə Dünya Şahmat Olimpiadası, gələn il atletika üzrə Avropa birinciliyi (Bu yarış Nanjində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya verəcək) və s. nüfuzlu beynəlxalq yarışlara hazırlıq davam edir. Gələn ilin aprelində dünya idman jurnalistləri təşkilatı olan AİPS-in 77-ci konqresi də Bakıda keçiriləcək.

2013-2016-cı illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı hazırlanıb.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub. Həmin razılığa əsasən, iyun ayında Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılar üçün 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak edib. Avqustun 2-dən 13-dək isə Yunanıstanın Olimpiya şəhərində, Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycandan olan 40 nəfər, gənc məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə