“Fənərbaxça” avrokuboklarda iştirak etməyəcək

“Fənərbaxça” avrokuboklarda iştirak etməyəcək

"Fənərbaxça" Avropa miqyaslı yarışlardan kənarlaşdırılıb. Siasport.az saytının verdiyi xəbərə görə, Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) UEFA-nın "sarı-lacivərdlilər"in 2 illik avrokuboklardan uzaqlaşdırılması ilə bağlı qərarını təsdiqləyib.

Bundan əvvəl məhkəmə qitə futbol qurumunun verdiyi bu qərarı dondurub. Bu səbəbdən istanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində mübarizə apara bilmişdi. Ancaq həm "Metallist", həm də "Fənərbaxça"nın işinə qısa müddət ərzində baxılıb və hər 2 kluba dair çıxarılan qərar qüvvədə qalıb.

"Fənərbaxça"nın cəzasının nə vaxtdan etibarən qüvvəyə minməsi isə hələlik məlum deyil. CAS bununla bağlı hələ açıqlama verməyib. Ancaq UEFA-nın verdiyi açıqlamada bu barədə belə deyilir: "Təcili Durum Komitəsi cümə axşamı günortadan sonra bir araya gəlib "Fənərbaxça" haqqında qərarını verəcək".

Bununla belə, İstanbul klubunun bu mövsüm avrokuboklarda iştirak etməyəcəyi dəqiqdi. Hətta Avropa mətbuatının iddiasına görə, "Fənərbaxça"nın adı artıq Avroliqanın qrup püşkatmasından çıxarılıb.

Qeyd edək ki, CAS danışılmış oyunlarda iştirakçısı olduğu iddia edilən "Beşiktaş"la bağlı qərarını isə 2 gün sonra açıqlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə